Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Sabir Zeynalov qalibiyyəti barədə DOST TV-yə öz fikirlərini bölüşüb:
"19 yaşında Paralimpiya Oyunlarında bürünc medal qazanmaq çox qürurverici hisdir. Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi, amma müəyyən səhvlərimə görə qızıl medalı əldən verdim. Buna baxmayaraq, tailandlı rəqibimi məğlub etməyi bacardım. Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə cənab prezidentimiz İlham Əliyevə, birinci vitse-prezidentimiz Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz təşəkkürümü bildirirəm!"
















