• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şagird davranış qaydaları: Mənfi halların sayı azalacaq, amma...

CƏMİYYƏT

24 Oktyabr 2022 | 13:19 | Müəllif: Qalib İbrahimoğlu

Şagird davranış qaydaları: Mənfi halların sayı azalacaq, amma...

Xəbər verdiyimiz kimi, növbəti ildən otra məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək. Bu, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələrdə əksini tapıb.

Bakıvaxtı.az xəbər verir ki,  hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir.

Sənədlər 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.

Bəs bu qaydalar məktəblərdə nizam-intizamın qorunması üçün nə dərəcədə effektiv olacaq? Pedaqoq, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, qaydalar beynəlxalq təcrübəyə əsaslanaraq yazılıb. Onun sözlərinə görə, müxtəlif beynəlxalq məktəblərin şagirdlərin təhlükəsizliyi ilə bağlı nizam-intizam qaydaları ilə əlaqədar sənədləri var: “Bu qaydaların o sənədlərin əsasında hazırlandığı görünür. Bu, sınaqdan keçmiş bir təcrübədir. Sadəcə, bu, elə başa düşülməsin ki, bunlar hazırlandığı zaman sinifdə hansısa bir mənfi hal olmayacaq. Bu sənədlər mənfi halların sayını azaldır, amma sıfıra endirmir”.

Q.Məhərrəmov bildirib ki, dünyanın ən yaxşı məktəb və ən yaxşı təhsil sistemlərində də müxtəlif nizam-intizam pozuntuları, hətta bizdən daha ağır və ciddi nizam-intizam pozuntuları olur. Bu nizam-intizam pozuntularında isə müvafiq nəticələr olur. Bununla da proses yekunlaşır və şagirdlərin təhlükəsizliyi zəmanət altına alınmış olur.

“Bu sənəd hazırlanıb, ikinci iş yaxşı kommunikasiya olunmasıdır. Yəni, bu sənəd müəllimlərə yaxşı izah olunmalıdır ki, müəllimlər buna inansın, ardıcıllığı bilsin ki, hansı növ davranışa necə reaksiya veriləcək. Mənfi davranışın növünə görə tez-tez təkrarlandıqca ardıcıl olaraq 1-2-3-4-cü reaksiyaların necə olacağı müəllimlərə aydın olmalıdır”.

Müsahibimiz vurğulayıb ki, bundan əlavə, bu məsələ valideynlərə aydın olmalıdır.  Valideynlər bilməlidir ki, övladları hansı davranışı göstərdikdə nə ilə üzləşəcəklər. Eyni zamanda, bu, məktəblərdə lövhələr halında divarlara asılmalı, müəllimlər tərəfindən sinifdə izah olunmalıdır. Şagirdlər də bunu tam anlamalı və qavramalıdır ki, mənfi davranış nədir və nəticəsində nə olacaq. Onun sözlərinə görə, əgər müəllim, valideyn buna inanmasa, şagirdə gedib çatmasa, sadəcə sənəd olaraq qalacaq və heç bir funksionnalığı olmayacaq.

“Mən qaydaların hamısı ilə razıyam. Əlbəttə ki, məktəbdə smartfon istifadəsi olmamamlıdır. Öyrənmə və öyrətmə prosesinə maneə olacaq hansısa bir element məktəbdə olmamalıdır. Ona görə də, düşünürəm, bu qaydalar yerində verilən qaydalardır. Qaydaların pozulduğu halda veriləcək olan cərimələr də yerindədir. Artıq bunu yaxşı kommuniyasiya və icra etmək qalıb”, - deyə Qoşqar Məhərrəmov vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR