• Bakı 25° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Sahibə Qafarova Yakob Mudenda ilə görüşdü

SİYASƏT

06 Iyul 2026 | 17:56

Sahibə Qafarova Yakob Mudenda ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

    Görüşdə Azərbaycan ilə Zimbabve arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilərək, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilib. Zimbabve Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri etdiyi, səfər zamanı ölkə başçıları arasında səmərəli müzakirələrin aparıldığı xatırladılıb.

    Söhbətdə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində ölkələrimiz arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin gücləndirilməsinə, eləcə də ortaq maraqların beynəlxalq səviyyədə müdafiəsinə xüsusi diqqət yetirib və bu siyasət bu gün də uğurla davam etdirilir.

    Söhbət zamanı qanunverici orqanlar arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin, həmçinin parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Görüşdə Azərbaycanın Zimbabve ilə beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində müntəzəm təmaslar davam etdirilir və bu platformalarda əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

    Yakob Mudenda Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib, son illərdə sürətlə inkişaf edən paytaxt Bakı ilə bağlı müsbət təəssüratlarını bölüşüb.

    Zimbabvenin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini və ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən parlamentin sədri, hər iki ölkənin bölüşdüyü multilateralizm prinsiplərinin təşviqinin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsinin qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin iqtisadi əlaqələrin önəmi barədə də fikirlərini bölüşüb.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR