İyulun 30-da Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba STEAM Mərkəzində keçirilən “Zəfər” düşərgəsinin bağlanış mərasimi baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.
Mərasimdə Bakı Dövlət Sirkinin bədii heyəti uşaqlar üçün əyləncəli proqramla çıxış ediblər.
Qeyd edək ki, iyulun 25-dən start verilən “Zəfər” düşərgəsinə 74 şəhid övladı qatılıb. İştirakçılar bu müddət ərzində STEAM Mərkəzində faydalı və müasir biliklərə yiyələnərək əyləncəli vaxt keçiriblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid komandir Raquf Orucovun xanımı Sevinc Orucova iştirakçıların düşərgə çərçivəsində faydalı biliklərə yiyələndiklərini vurğulayıb və onlara uğurlar arzulayıb.
“İki ay öncə Təhsil naziri ilə görüşdə bu layihənin başlanmasına qərar verdik. Bu düşərgənin digər yay məktəblərindən üstünlüyü ondan ibarətdir ki, burada STEAM məktəbi var. Burada qəhrəman şəhidlərimizin övladları intelektual yarışlara, əyləncəli və düşündürücü oyunlara cəlb edilib. Onlar burada lazımi biliklər əldə edirlər. Bu gün layihənin bağlanış mərasimidir.
Övladlarımız Quba yerlərinin tarixi yerlərinə səfər etdilər. Öyrəndilər və bir-birini tanıdılar. Biz onları elə böyütməliyik ki, qəhrəman şəhidlərimizin ruhu şad olsun. Onlar bizə əmanətidirlər. Əmanətlərə sahib çıxmağı bacarmalıyıq.
Biz əminik ki, müxtəlif bölgələrdən bu layihəyə cəlb olunan şəhid övladları STEAM məktəbindən bəhrələniblər, gələcək idealarını və məqsədlərini bu yolda quracaqlar”.
Azərbaycan Gənc Müəllimlər Assosiyasının (AGMA) rəhbəri Rüfət Əsədzadə iştirakçıların düşərgə çərçivəsində faydalı biliklərə yiyələnib: “Uşaqlar hər zaman oynamaq istəyirlər və bizim təlimlər də oyunlar üzərində qurulub. Onların xoşbəxtliyini təmin etmək üçün onlara bəzən ekstremal hallar yaşadırıq.
Düşərgənin ilk günlərində uşaqlarda qapanmalar var idi. İndi onlar fikirlərini sərbəst ifadə edirlər. Uşaqların bəzilərində ixtisas seçimində fərq yarandı. Xilasetmə təlimindən sonra uşaqların bəziləri xilasedici olmaq arzusundadır.
Onu da qeyd edim ki, STEAM-ə daha çox böyük maraq var. Çünki təlimlərin əsasını STEAM təlimləri təşkil edir. Uşaqların robotexnika və dron mühdəndisliyinə marağının olduğu aşkara çıxarıldı. Onlardan bir neçə uşağı seçib növbəti illərdə “Texnofest” festivalına hazırlanması üçün müraciət olunacaq”.
Şəhid mayor Elnur Əliyevin oğlu, 14 yaşlı Elvin Əlizadə bildirib ki, onlar düşərgədə hər gün yeni biliklər öyrənirlər: “Biz burda STEAM dərsləri, 3D dizayn dərslərini və s. bacarıqları mənimsəyirik. FHN-nin hazırladığı testlərdən keçirik. Biz burda çox əylənirik”.
Quba STEAM Mərkəzin müəllimi Lalə Məmmədova qeyd edib ki, düşərgənin şagirdləri mərkəzə 1 həftəlik proqramla daxil oldular: “Bu müddətdə biz onlara 3D qələm və 3D çap texnologiyalarda çapetmə məhsullarını proqramlaşdırma dilini öyrətdik. Bundan əlavə mikrobitdə dərslər keçdik, o cümlədən hərəkətlərin və led lampaların yandırılıb-söndürülməsini, ümumiyyətlə proqramlaşdırmanı örətdik. Biz bunları canlı şəkildə göstərə bilərik.
Vurğulayım ki, STEAM Mərkəzində Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan, məğrur duruşu ilə tarix yazan əsgərimiz Vüsal Şahkərimovun maketini hazırlamışıq. Bu maket 3D formasında istehsal olunub. Biz topçu Vüsalın maketini ümümtəhsil məktəblərinə paylamaqla şagirdlərdə vətənpərvərlik ruhunu təbliğ etmiş olacağıq.
Təhsil naziri Emin Əmrullayev Quba STEAM Mərkəzinə gəldiyi gün topçu Vüsal mərkəzə dəvət olunmuşdu. Cənab nazir topçu Vüsalın maketini onun özünə təqdim etdi. Bu gün Vüsalın doğum günüdür. Biz onu təbrik edirik. O, əslən Qubalıdır, hazırda Xudatda yaşayır. Vətənimizin igid oğlu ilə fəxr edirik”.
“Zəfər” düşərgəsinda iştirak edən uşaqlardan birini valideyni, şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva bildirib ki, o bu düşərgədə Sevinc Orucuvun təşəbbüsü ilə iştirak edir: “Burada uşaqlar biliklər əldə edirlər. Növbəti illərdə də düşərgənin təşkil olunması arzuolunandır. STEAM məktəbi ilə yanaşı proqram dağçılıq, çadır qurmaq, idman növləri, rəqs və musiqi ilə əhatə olundu. Uşaqların 3 aya öyrənəcəyi bilikləri 1 həftə ərzində biz onlara verdik”.
Ramid İbrahimov
















