Bakıda tikinti şirkətləri vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt edir.
Heç bir alternativ təklif edilmədiyinə görə, sakinlər mənzil başına çatmaq üçün avtomobil yolunun hərəkət hissəsi ilə getməyə məcbur olurlar.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, belə hallar aşkar edildikdə tikinti şirkətlərinə xəbərdarlıqlar edilir.
“Aparılan təhlillər və müşahidələr onu deməyə əsas verir ki, bu gün şəhərimizdə qeyd etdiyiniz bu cür hallar mövcuddur. Bildirməliyəm ki, bu cür məsələlər daim bizim diqqətimizdədir. Eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə mütəmadi olaraq tikinti yerlərində reydlər təşkil edilir, çatışmazlıqlar aşkar edildiyi halda tikinti şirkətlərinə xəbərdarlıqlar edilir”,-deyə Agentlikdən bildirilib.
Ramid İbrahimov

















