"Üçtərəfli bəyanatın 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının Qarabağa girməsi ilə paralel Ermənistan silahlı qüvvələri bölgəni tərk etməli, qanunsuz dəstələr tərksilah edilməli idi".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, 3 ilə yaxın zaman keçsə də, erməni silahlı dəstələri, terrorçular nəinki silahı yerə qoyub, ərazilərimizi tərk etdilər, üstəlik, fəaliyyətlərini daha da genişləndirdilər: "Son dövrlərdə, xüsusən Azərbaycan dövlətinin təhlükəsizliyi, hərbçilərimiz və mülki vətəndaşlarımız üçün kifayət qədər təhdid yaradırdılar, terror aktları həyata keçirirdilər. Əlbəttə, sonsuza qədər buna dözmək olmazdı”.
Müsahibimiz qeyd edib ki, lokal anti-terror tədbirləri də həmin təhlükəni aradan qaldırmaq üçün aparıldı: “Qısa müddət ərzində erməni terrorçuları tam olaraq sıradan çıxarılmaq üzrə olduqlarını başa düşdülər. Separatçı rejimin ağ bayraq qaldırıb təslim olmaqdan başqa çıxış yolu qalmamışdı. Özləri də etiraf etdilər ki, heç yerdən dəstək ala bilmədilər, köməksiz qaldılar. Hərbi güc dili ilə də olsa onlara başa salındı ki, Azərbaycanın suveren hüquqları var və ona mütləq riayət etməlidirlər, haqlı tələblərimizlə razılaşmalıdırlar. Nəhayət, razılaşma oldu”.
A.Əlizadə vurğulayıb ki, sadəcə silahlı dəstələr deyil, separatçı rejim də özünü buraxmalıdır: “Azərbaycan torpaqlarında ancaq ölkəmizin qanunları icra olunmalı, suverenliyimiz, nəzarətimiz tam təmin olunmalıdır. Bundan sonra digər məsələlərin də müzakirəsi mümkündür. Dinc ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə torpaqlarımızda yaşaya bilərlər. Yenidən separatizm xülyasına düşəcəklərsə, ərazilərimizi tərk etmək məcburiyyətində qalacaqlar".
Aydın Baxış