Bakıda şəhərdaxili sərnişin daşımalarını yerinə yetirən avtobusların sürücüləri insanların həyatını təhlükəyə atır, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaradır.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onların avtobusları dayancaqda deyil, yolun hərəkət hissəsində saxlamasıdır.
Saytımızın əməkdaşı sözügedən qayda pozuntusunu Bakının Moskva prospektində yerləşən dayanacaqda qeydə alıb.
Fotolardan da göründüyü kimi sürücülər yolun hərəkət hissəsində sərnişinləri düşürüb-mindirir, nəqliyyatına hərəkətinə sıxlıq yaradırlar.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a bildirilib ki, sərnişindaşımaların təhlükəsizliyi baxımından vacib məqamlardan biri də sürücünün avtobusu dayanacaq məntəqəsinin ərazisində müəyyən olunmuş qaydada saxlamasıdır.
“Çünki avtobusun dayanacaq ərazisində müəyyən olunmuş qaydada saxlanılmaması həm avtobusa minib-düşən sərnişinlərin həyatı üçün ciddi risk yaradır həm də ərazidə nəqliyyat sıxlıqlarına səbəb olur. Doğrudur bir çox hallarda digər nəqliyyat vasitələri xüsusən də qanunsuz sərnişindaşımalara cəlb edilən avtomobillər avtobus dayanacaq məntəqəsinin ərazisində saxlanıldığından bu zaman müntəzəm marşrut xətləri üzrə avtobusların dayanacağa daxil olmasında çətinliklər yaranır. Belə hallar elə fotonun qeydə alındığı ərazidə daha tez-tez rast gəlinir. Bunu nəzərə alaraq avtobus dayanacaq məntəqələrində mütəmadi olaraq sürücülərin qaydalara riayət etməsi üçün müvafiq tədbirlər görülür.
Konkret təqdim edilən fotoya gəlincə bildirim ki, burada əks olunan avtobuslar “Faiqoğlu” MMC-yə aid nəqliyyat vasitələridir. Bu kimi halların təkrarlanmaması üçün şirkətin məsul şəxsləri Agentliyə çağırılacaq”, -deyə BNA-dan bildirilib.
Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” MMC-dən bildirilib ki, həmin yerdə avtobus dayanacağının ərazisi minik avtomobilləri tərəfindən zəbt edilib: "Bəzi hallarda minik avtomobili sürüb getdikdən sonra elə mənzərə yaranır ki, sanki avtobus yolun ortasında saxlayıb. Bu hallar bizi də narahat edir və hərəkətin təşkilinə cavabdeh olan müvafiq qurumlara avtobus dayanacaqlarına minik avtomobillərinin buraxılmaması barədə müraciət etmişik".
Ramid İbrahimov




jpg-1649059852.jpg)














