• Bakı 18° C

    11.91 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Siçanlar ölümcül bakteriya yayır: Leptospiroz təhlükəsi artır

DÜNYA

21 May 2025 | 12:17

Siçanlar ölümcül bakteriya yayır: Leptospiroz təhlükəsi artır

ABŞ-ın Boston şəhərində altı il davam edən elmi tədqiqat şəhər siçanlarının insanlara ölümcül leptospiroz xəstəliyini ötürdüyünü ortaya çıxarıb. Tufts Universitetinin rəhbərliyi ilə aparılan və ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ilə birlikdə həyata keçirilən bu araşdırma 2016–2022-ci illəri əhatə edib.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqat çərçivəsində şəhərin 17 fərqli nöqtəsindən toplanan 328 siçanın böyrək nümunəsi analiz olunub və onların 18 faizində Leptospira bakteriyasına rast gəlinib.

2018-ci ildə Boston sakini üzərində diaqnoz qoyulmuş bir leptospiroz halı ilə həmin bölgədəki siçan nümunələri arasında demək olar ki, tam genetik uyğunluq aşkarlanıb. Bu nəticə xəstəliyin mənbəyinin şəhər siçanları olduğunu sübut edir.

Leptospiroz siçan sidiyi vasitəsilə torpaq və durğun sulara yayılır. İnsanlar, ev heyvanları və digər canlılar bu mühitlə təmasda olduqda infeksiyaya yoluxa bilər. Ən çox tropik iqlimlərdə yayılsa da, qlobal istiləşmə səbəbilə artıq daha mülayim bölgələrdə də görülməyə başlayıb.

Tədqiqatda siçan böyrəklərindən bakteriya əldə olunması elm aləmində ilk dəfə qeydə alınıb. Tufts Universitetindən Dr. Marieke Rosenbaum bunun sayəsində xəstəliyin yayılma yollarının daha dəqiq izlənə bildiyini qeyd edib. Eyni zamanda, şəhərdəki siçan populyasiyalarının genetik baxımdan bir-birindən fərqləndiyi və müxtəlif bölgələrin öz bakterial növlərini daşıdığı müəyyən edilib.

Araşdırma nəticələri göstərib ki, siçanlar təxminən 600 metrə qədər hərəkət edə bilir və şəhərin yaşıl zonalarından və bioloji keçidlərdən istifadə edirlər. Lakin çoxzolaqlı yollar onların hərəkətini məhdudlaşdırır.

Mütəxəssislər bu nəticələrin şəhər miqyasında həm siçanlara qarşı mübarizə strategiyalarının, həm də ictimai sağlamlıq tədbirlərinin yenidən nəzərdən keçirilməsində vacib rol oynayacağını bildirirlər.

Araşdırma PLOS Neglected Tropical Diseases adlı elmi jurnalda dərc olunub.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR