• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində nə baş verir? - İddialara rəsmi cavab 

GÜNDƏM

14 Sentyabr 2021 | 15:07

Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində nə baş verir? - İddialara rəsmi cavab

Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzi standartlara cavab vermir.

Əməliyyat olunan yaxınını ziyarət etmək üçün sözügedən tibb müəssisəsində olan Bakıvaxtı.az-ın əməkdaşı Ramid İbrahimov burada rastlaşdığı neqativ halların qeydiyyatını aparıb.

Qeyd olunub ki, dövlət tibb müəssisəsində əməliyyatlar və xidmətlər qeyri-rəsmi olaraq ödənişlidir. Əməliyyatların ödənişi 400 manatdan başlayır. 

Tibbi təchizat və təminatın kifayət qədər olmadığı bildirən tibb işçiləri əməliyyat olunan və stasionar müalicə alan “xəstənin adamlar”ından dərmanlardan kağız məhsullarına qədər təminat tələb edirlər.

Şirvanda apteklərdə yazılan dərman vasitəsi tapılmadığı üçün jurnalist Bakıdan həmin dərmanı alıb aparıb.

Xəstələrə göstərilən tibbi, qulluq və yemək xidmətlərinə görə müvafiq şəxslər “hörmət” istəyirlər. Hansı xəstənin adamı “hörmət” edərsə, ona normal xidmət göstərilir.

Həm kişilər, həm qadınlar üçün bir neçə sanitar qovşağı olsa da, onlardan yalnız birinin qapısı pasiyentlərin üzünə açıqdır. Nəticədə yaranan növbə karantin rejiminin qaydasının pozulmasına səbəb olur.

Karantin rejiminin qaydasını pozan digər amil xəstə yaxınlarının tibb müəssisəsinə 3-5 nəfərlik qrupla axın etməsidir. Bu şəxslərlə söhbət zamanı bəlli oldu ki, onların bura qrup halında gəlməsinə səbəb onların səhiyyəyə inanmaması, narahat olması, o cümlədən xəstəxana işçilərindən gələn sifarişləri və tələbləri yerinə yetirməkdir.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilən informasiya sorğusuna cavab verilib.

Cavabda qeyd olunub ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət təminata alınıb: “Bura təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və sair kimi 950 sayda cərrahi əməliyyat daxildir.

Həmçinin təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri, ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf, stasionar müalicədə (yatış zamanı) istifadə olunan dərman və tibbi sərf (xüsusi tibbi sərf daxil olmaqla – endoprotez, stent və s.), eləcə də instrumental və laborator müayinələrin aparılması, həkim təqibi, terapevtik və cərrahi müalicə və qida Xidmətlər Zərfi çərçivəsində qarşılanır.

Qeyd edək ki, ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri təminata daxil deyil.

Nəzərinizə çatdırırıq ki, vətəndaş tibb müəssisəsində göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər.

“Vətəndaşların müraciətləri haqqında” qanunu ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR