Xəbər verdiyimiz kimi, martın 26-da Azərbaycanın "Qarabağ" və Türkiyənin "Qalatasaray" futbol klubları arasında yoldaşlıq oyunu baş tutacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, "köhlən atlar" rəsmi feysbuk hesabında bunun "Yoldaşlıq deyil, Qardaşlıq oyunu" olduğunu yazıb.
Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.
Bakıvaxtı.az olaraq tanınmış şəxslər arasında sorğu keçirdik: Bu matça bilet alacaqsınızmı?

Deputat Fazil Mustafa:
“Mütləq dəstəkləməliyik. Çalışacağam özüm iştirak edim. İştirak edə bilməsəm, bilet alıb yaxın bir şəxsi göndərəcəyəm. Türkiyəmiz üçün əlimizdən gələn hər şeyi etməliyik”.

Deputat Arzu Nağıyev:
“Oyunun keçirildiyi tarixdə Bakıda olmayacam, amma mütləq bilet alıb kiməsə verəcəm. Türkiyə üçün əlimizdən gələn bütün yardımları göstərməliyik. Qeyd edim ki, İdarə Heyətinin üzvü olduğum “Turan Tovuz” – “Kəpəz” oyununda satışa çıxarılmış 2350 biletin satışından əldə olunmuş 7 min manat vəsait zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə yardım məqsədi ilə AFAD-ın hesabına köçürülüb”.

Deputat Tahir Kərimli:
“Mən həmin gün rayonda olacam. Təəssüf ki, bilet almaq imkanım olmayacaq. Amma çox güman ki, oğlum iştirak edəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:
“İştirak edəcəyəm”.

“Modern.az” saytının təsisçisi Elşad Eyvazlı:
“İnsanlığa kömək üçün istiqamətlənmiş istənilən kampaniya birmənalı şəkildə dəstəklənməlidir, ona ciddi qatqı verilməlidir. Nəzərə almalıyıq ki, Türkiyədə çox güclü zəlzələ baş verdi və bu fəlakətin acısını millətimiz öz dərdi kimi yaşadı, qardaşlarına öz yardımını göstərdi. Matça gəldikdə isə, onu deyə bilərəm ki, mütləq qatılacam. Belə kampaniyalarda iştirak etmək yalnız futbol sevgisinə görə yox, insanlığa dəstək üçündür”.

“Yeniçağ.az” saytının təsisçisi Aqil Ələsgər:
“Hər iki komanda bizimdir və öncəliklə, centlmensayağı oyunun keçməsini arzulayıram. İştirakıma gəlincə, sırf dəstək məqsədilə mütləq bu şorbada da duzumuz olması adına, getsəm də, getməsəm də bilet alacam”.
Nuranə Daxilqızı
















