Hazırda Ermənistan parlamentində müxalifət yoxdur, yalnız digər siyasi qüvvələrdə və gələcək parlamentdə özlərinə yer axtaran ayrı-ayrı şəxslər var.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan bu gün keçirdiyi brifinqdə deyib.
"Parlamentdə müxalifət yoxdur. Fikrimcə, parlamentdənkənar müxalifət var. Ümid edirəm ki, onların əksəriyyəti qarşıdan gələn seçkilərdə iştirak edəcək. Parlamentdən kənarda da müxalifət siyasətçiləri var və ümidvaram ki, onlar parlamentdə təmsil olunacaqlar və nəhayət, parlamentdə müxalifətimiz olacaq", - spiker qeyd edib.
Simonyan əmin edib ki, hakim "Vətəndaş müqaviləsi" partiyası ölkədəki mövqeyini kifayət qədər yaxşı bilir və iş adamı, "Taşir" şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın siyasi qüvvəsi onlar üçün ciddi rəqib deyil.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.