• Bakı 10° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Süni intellekt dövründə işsizlik problemi: Çıxış yolu varmı?

CƏMİYYƏT

13 Aprel 2026 | 13:07

Süni intellekt dövründə işsizlik problemi: Çıxış yolu varmı?

2026-cı il fevralın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 245,6 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 min nəfər və ya 8,9 faiz çoxdur. 2026-cı ildə işsizlərin 51,9 faizini qadınlar (127,5 min nəfər), 48,1 faizini isə kişilər (118,1 min nəfər) təşkil edib.

İşsizliyin artmasının səbəbi nədir? Bu problemin qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Vüsalə Əhmədova bildirib ki, işsizlərin sayındakı 20 min nəfərlik artım qısa müddət üçün çox ciddi göstəricidir. Onun sözlərinə görə, əgər iqtisadiyyat kifayət qədər sürətlə inkişaf etmirsə, yeni iş yerləri də yaranmır:

"Bu o deməkdir ki, iqtisadi artım elan edilsə də, həmin artım yeni və dayanıqlı iş yerlərinə çevrilməyib. Həmçinin mövcud müəssisələr istehsal həcmlərini artırmadıqları üçün yeni işçi götürməyə ehtiyac duymur”.

Müsahibimiz onu da qeyd edib ki, qeydiyyata alınmış 245,6 min nəfər yalnız rəsmi statistikadır. Qeyri-rəsmi işsizlər və ümumiyyətlə, qeydiyyata düşməyən şəxslər də nəzərə alınsa, real işsizlik səviyyəsinin daha yüksək olduğunu söyləmək olar. İqtisadçıya görə, işsizlərin sayındakı sürətli artım tək bir səbəbdən deyil, adətən bir neçə amilin birlikdə təsirindən yaranır:

“Əsas problemlərdən biri iqtisadiyyatın kifayət qədər diversifikasiya olunmamasıdır. Yeni sənaye sahələri və yüksək məhsuldarlıqlı iş yerləri yaradılmadığı üçün əmək bazarı əsasən məhdud sektorların hesabına formalaşır. Nəticədə gənclər və yeni məzunlar iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər. Bəzi müəssisələr də xərclərini azaltmaq üçün işçi sayını azaltmağı çıxış yolu olaraq görürlər".

Vüsalə Əhmədova: İqtisadi islahatlar dərinləşdirilməli, kiçik və orta biznes real dəstəklənməlidir

V.Əhmədova vurğulayıb ki, regionlarımızda sənaye və biznes az inkişaf etdiyinə görə iş imkanları məhduddur. Bundan əlavə, əmək bazarı ilə təhsil sistemi arasında uyğunsuzluq hələ də aktual olaraq qalır.

"Bəzi ixtisaslar əmək bazarında tələb olunmur, amma həmin sahələr üzrə məzunlar çox olur. Nəticədə insanlar iş tapa bilmirlər. Bu vəziyyətdən çıxış yolu iqtisadi islahatların dərinləşdirilməsi, kiçik və orta biznesin real dəstəklənməsidir. Xüsusilə, regionlarda sənaye və kənd təsərrüfatı layihələri artırılmalıdır. Startap və sahibkarlıq təşviq olunmalı, gənclərə biznes qurmaq üçün maliyyə və təlim dəstəyi verilməlidir. Ən önəmlisi insanlar əmək bazarında tələb olunan bacarıqları öyrənməlidirlər", - deyə V.Əhmədova qeyd edib.

Müsahibimiz onu da bildirib ki, süni intellektin getdikcə inkişaf etdiyi bir dövrdə insanlar masabaşı işlərə deyil, texniki və peşə ixtisaslarına daha çox meyl etməlidir. Bu baxımdan əmək bazarına uyğun peşə təhsili proqramlarının genişləndirilməsi vacibdir. Əks halda rəsmi statistikada müşahidə olunan bu artım gələcək illərdə daha ciddi sosial-iqtisadi problemlərə səbəb olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR