Milli Məclisdə əlilliyin müəyyən edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli əlilliyin yenidən müəyyən edilməsindən narahatlığını ifadə etdi: “Mən təklif edirəm ki, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılsın, bəzi sahələrə ayrılan vəsaitin artırılması gözdən keçirilsin. Biz çatışmazlıq olan məqamları qeyd edirik, amma bəzən birmənalı qarşılanmır. Xalq isə söyüş söyənlərə daha çox əhəmiyyət verir. Kimsə fərqli çıxış edəndə deyirlər ki, öyrədilib. Populist çıxışlar edənlər daha çox diqqət cəlb edir. Büdcə ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edirəm”.
T.Kərimli qanun layihəsinin ikinci oxunuşunda da etirazını ifadə etdiyini xatırlatdı: “Ona görə də mən bu qanun layihəsinə səs verməyəcəyəm, bitərəf qalacağam”.
Spiker Sahibə Qafarova bildirdi ki, burada hər kəs öz mövqeyini bildirir və ona hər hansı təsir, göstəriş ola bilməz.
Komitə sədri Musa Quliyev bəzi məsələləri T.Kərimli ilə müzakirə etməyə hazır olduğunu vurğuladı. Həmçinin narahatlığa əsas olmadığını da əlavə etdi: “İndi 150 meyar əsasında əlillik dərəcəsi alan vətəndaşlar bu qanunun qəbulundan sonra 800 meyar əsasında əlillik dərəcəsi alacaqlar”./musavat/
















