• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təhsil islahatları innovasiyalara əsaslanmalıdır

CƏMİYYƏT

08 Sentyabr 2021 | 14:37

Təhsil islahatları innovasiyalara əsaslanmalıdır

Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə modernləşmənin  əsas  məqsədi  kütləvi təhsil  şəraitində yüksək keyfiyyətə nail olmaqdır. İnkişaf etmiş ölkələrin təhsil sistemləri qlobal tendensiyalara uyğun inkişaf edir. Təhsildə qlobal tendensiyalar dünyanın yeni inkişaf səviyyəsi ilə  müəyyən edilir.  Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil  strategiyaları   və inkişaf proqramları hazırlanmış, hal-hazırda icra edilməkdədirlər.  Bu gün təhsilə strateji yanaşma daha vacibdir, nəinki hər hansı digər fəaliyyət sahələrinə. Bu strategiyalar və onlara əsaslanan təhsil islahatları məhz sürətlə dəyişən dünyanın innovativ çağırışlarına cavab verməlidir.  

Müasir zamanda təhsildə  innovasiyaların (yeniliklərin) yaranmasına səbəb ola  bilən  bir sıra tendensiyaları qeyd etmək olar:

• tədris prosesinin humanistləşməsi;
• uşaqların təhsilləri  və gənc nəslin  inkişafı keyfiyyətinə verilən yüksək tələblər;
• mədəni-mənəvi dəyərlərə yönəlmə;
• təhsil müəssisələri  arasında rəqabətlilik münasibətləri.
Hər bir təhsil müəssisəsi  yeniləşmə prosesində 3  mərhələdən keçir:
• təşəkkül (yeni təhsil müəssisəsinin,  yeni kollektivin yaranması və ya kollektivin  böyük hissəsinin təzələnməsi  mərhələsi). 
• fəaliyyət (təlim-tərbiyə  prosesinin   ənənəvi,  stabil proqram və pedaqoji texnologiyalar əsasında işinin  təşkili mərhələsi)
• inkişaf (təlim-tərbiyənin köhnə məzmunu  və mövcud pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə cavab vermədiyindən yeni  məzmun, forma və texnologiyaların yaradılması  və  tətbiqi mərhələsi).

İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Bu fərqlər özünü idarəetmədə də göstərir. Ənənəvi iş rejimində müsbət nəticə verən pedaqoji texnologiyalar yeni-innovasion iş rejimində bəzi hallarda arzu olunan nəticələr verməyə bilər. Təhsil müəssisələrində innovasion fəaliyyətin əsas subyekti müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə prosesidir. İnkişaf etmiş təhsil müəssisələrində idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil prosesinin obyekti  təhsilalanlardır. Tədqiqatçıların və təhsil müəssisəsi rəhbərlərinin  əsas vəzifəsi təhsilin proqnozlaşdırılan nətıcələrinə maksimum yaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində tətbiq edilən  hər bir innovasiya  prosesi  idarəedilməlidir. 

Bu mənada TN-də yeni istiqamətli fəaliyyətə ehtiyac var. Bu gün dünyada reallaşan təhsil islahatları əsasən təhsil innovasiyalarına əsaslanır. Ölkədə təhsil siyasətini formalaşdıran və həyata keçirən qurum kimi Təhsil Nazirliyi təhsil islahatlarının proqnozlaşdırılmasında, layihələndirilməsində, icrasında səmərəli innovasiyalardan istifadə etsin. Yaxşı olar ki, Təhsil Nazirliyinin tərkibində (nəznində) təhsilə dair innovasiyaların  yaradılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi,  təhlili, onların ölkə təhsilində  transferi (praktik  tətbiqi), pedaqoji elmin  son nailiyyətlərinin təhlili, təlimin yeni  texnologiyalarının öyrənilməsi, öyrəncilərə biliklərin  yeni üsullarla  çatdırılması, biliklərin diaqnostikası, təhsilin məzmununun yenilənməsi  v.s. məqsədlərlə təhsilin istiqamətləri və pillələri üzrə xüsusi qurumun yaradılmasına və ya mütəxəssis-ekspertlərin fəaliyyətinin   təşkilinə ehtiyac var. 
 
Mütəxəssis-ekspertlərlə işin əsas məqsədi islahatların səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqidir. Mütəxəssis-ekspertlərin vəzifələrinə təhsilin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq, təhsil innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək, ayrı ayrı sahələrin inkişafı üzrə konsepsiya, strategiya, metodologiya, metodikalar və metodik təlimatları hazırlamaq, təhsil seqmentləri və  müəssisələrinə təşkilati-metodik və konsaltinq yardım göstərmək və  s.  məsələlər aiddir.

Son 5 ildə təhsil sistemində reallaşan “Təhsildə innovasiyalar” adlı qrant müsabiqəsi də bu sahəyə real innovativ tövsiyyələr verə bilmədi. 

Dos. İlham Əhmədov

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026