"Elm və təhsil naziri hər dəfə çıxışlarında deyir ki, problemlədən danışın, problemləri qaldırın, təkliflər verin. Biz də vaxt olduqca nazirin tövsiyələrinə əməl etmək istəyirik. Təəssüf ki, bu problemlər və verilən təkliflər elə havada qalır".
Bunu Bakıvaxtı.az-a dosent, təhsil eksperti İ
lham Əhmədov Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmədə nazir Emin Əmrullayevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Nazirin "30 il müstəqillik dövründə ancaq qəbul və buraxılış imtahanlarındakı nəticələrdən şikayət etsək, növbəti otuz ildə də bu barədə düşünəcəyik" fikrinə münasibət bildirən ekspert "Bəs imtahan nə üçündür? Təhsilin keyfiyyəti bəs necə müəyyən edilməlidir" suallarını verir. Onun sözlərinə görə, ETN qiymətləndirməni, imtahanları çox sevir, 2 ildir ancaq bundan danışılır.
"Bəlkə, növbəti 30 ildə də buraxılış imtahanından yox, sertifikasiyadan danışaq? Missiya yalnız vakant yerlərin sayını artıqmaqdır? İşdən çıxan minlərlə müəllimin ETN-yə heç bir aidiyyəti yoxdur? Onlar başqa planetdə ali təhsil alıblar? Bu gün sertifikasiyadan keçməyən müəllimlərlər dünən necə müəllim kimi işə qəbul ediliblər? Kim onları işə qəbul edib?"
İ.Əhmədov E.Əmrullayevin uşaqların niyə aşağı nəticə göstərməsindən danışdığını da deyib: "Biz burada bunun niyəsini tapmalıyıq. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var. Fərqi yoxdur nazir kimdir, bunun üzərində işləməliyik"
Ekspert hesab edir ki, nazirin və komandasının kimliyi fərq edir, özü də çox ciddi: "Təriflədiyiniz Sinqapur və Koreyada təhsil nazirliklərinin heyətini öz komandanızla müqayisə edin, fərqi görəcəksiniz".
Onun sözlərinə görə, bunun niyəsini parlament yox, müvafiq icra qurumu - Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu tapmalıdır. Son 8 ildə Təhsil Nazirliyi və Təhsil İnstitutu bunun niyəsini niyə tapmayıb? 10 milyonlarla paylanmış qrantlar nəticəsində bunun niyəsini niyə tapmayıb?
Müsahibimiz nazirin pedaqogika elminə daha bir yenilik gətirdiyini deyir: "Sinifdə az və ya çox uşağın olması təhsilin keyfiyyətinə təsir etmir".
İ.Əhmədovun sözlərinə görə, uşaqların sayı keyfiyyətə təsir etmirsə, onda nazirliyin illərcə müdafiə etdiyi repetitorluq bəs niyə belə inkişaf edir?
Ekspert qeyd edib ki, imtahanların nəticələrini göstərən iki rəqəmli ədədi konkret demək lazımdır: 70 % məktəbli 150 balldan az yığıb. Yəni 20%-dən az bal.
"Təhsildə olan problemlərimiz ilbəil artır. 30 il bu barədə danışdıq, belə getsə, hələ 30 il də danışacağıq. Təhsilin büdcəsi artdıqca, problemləri də artır. Deyəsən, artan təhsil büdcəsi baş gicəllənməsi yaradır, təhsil yaddan çıxır", - deyə İlham Əhmədov qeyd edib.
Aytac Aslan
















