İyulun 12-də Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq tədbirdə fondun fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Sədr diqqətə çatdırıb ki, fondun əsas məqsədi Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.
Daha sonra fondun rəhbəri media nümayəndələrinin suallarını cavablandırıb.
Tədbirdə fondun həyata keçirdiyi layihələrdən bəhrələnən “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı Fidan Fərzəliyeva, “IELTS imtahanına təşviq” layihəsinin iştirakçısı Çingiz Əsgərli və “Parla” təqaüd və inkişaf proqramının iştirakçısı Elmira Orucova təəssüratlarını bölüşüblər.
Sonda Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Fondun yaradılmasının 3-cü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. / AZƏRTAC
















