Xəbər verdiyimiz kimi, Türkiyədə universitetlər yaya qədər onlayn formada tədrisi davam etdirəcək. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, ali təhsil ocaqlarının yataqxanalarında isə zəlzələdən əziyyət çəkənlər qalacaq.
Türkiyədə 25 mindən çox azərbaycanlı tələbənin də təhsil aldığını, onların da əksəriyyətinin yataqxanalarda qaldığını nəzərə alsaq, həmin tələbələr üçün də müəyyən problemlərin yaşanacağı danılmazdır. Belə olan halda, Türkiyədəki azərbaycanlı tələbələrin vətənə qayıtması daha münasibdir. Quru quru sərhədlər bağlı olduğundan, tələbələrimiz təyyarə ilə gəlməyə üstünlük verəcəklər. Təyyarə biletlərinin bahalığı isə, tələbələrə başqa bir problemdir.
Belə olan halda, azərbaycanlı tələbələrə ya quru sərhəddən qayıtmalarına, yaxud təyyarə biletlərində hansısa güzəşt ola bilərmi?

Vüqar Bayramov, deputat
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Vüqar Bayramovun sözlərinə görə, Naxçıvanla Türkiyə arasında quru sərhədin açılmasından sonra səslənən təkliflərdən biri də o olub ki, xüsusilə Türkiyədə yaşayan və Azərbaycanın digər bölgələrində də qeydiyyatda olan vətəndaşlarımızın qardaş ölkədən sərbəst şəkildə sərhədi keçməsinə icazə verilsin: “Düşünürəm ki, bu istiqamətdə müzakirələrin davam etdirilməsi aktualdır. Nəzərə alsaq ki, Türkiyədən Azərbaycana gəlmək istəyən vətəndaşlarımızın sayı zəlzələdən sonra daha da artacaq, məqsədəuyğun olardı ki, Türkiyədə müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşlarının quru sərhəddən istifadə edərək gəlməsinə icazə verilsin”.
Deputat deyib ki, nəticə etibarilə, bu, gediş-gəlişin asanlaşdırılması üçün vacibdir: “Təbii ki, bu proses mərhələli şəkildə olmalıdır. Birinci mərhələdə Türkiyədə universitet qeydiyyatında olan tələbələrin quru sərhəd vasitəsilə Azərbaycana qayıtmasına icazə verilməsi məqsədəuyğundur. Nəzərə alsaq ki, həmin tələbələrin müəyyən hissəsi sosial təminata ehtiyacı olan vətəndaşlarımızdır, onların quru sərhədlər vasitəsilə qayıtması daha az xərclə gəlmələrinə gətirib çıxara bilər”.
V.Bayramov qeyd edib ki, ona görə, məhz birinci mərhələdə tələbələr üçün belə bir istisnanın verilməsi daha məqsədəuyğundur: “Çünki Türkiyədə hələ bir müddət təhsil onlayn olacaq. Təklif edirik ki, daha sonrakı mərhələdə Türkiyədə məskunlaşan müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşları da Türkiyədən Azərbaycana quru sərhədlər vasitəsilə keçə bilsin. Düşünürəm, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinə ehtiyac var. Hər halda, Türkiyə qardaş ölkədir, son illər Azərbaycanla Türkiyə arasında gediş-gəlişin, eləcə də biznesin ciddi şəkildə artması müşahidə olunur. Bu konteksdən Türkiyə-Azərbaycan sərhəddindən keçəcək vətəndaşlarımızın sayının artırılması, daha çox vətəndaşa belə imkanın yaradılması məqsədəuyğun olardı”.

Asif İbrahimov, iqtisadçı-ekspert
İqtisadçı-ekspert Asif İbrahimov Bakıvaxtı.az-a bildirib ki, Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır: “Onların bir hissəsi Türkiyədə dərslərin onlayn sistemə keçirilməsi qərarından sonra vətənə geri dönməyə başlayıblar. Orada təhsil alan tələbələrin elə də güclü maddi imkanları yoxdur. Bu, bir birlik məsələsidir. İstər Türkiyə, istərsə də orda təhsil alan Azərbaycan vətəndaşlarına biz öz qayğı və dəstəyimizi göstərməliyik. Düşünürəm ki, həmin ərazilərdə çətinliklə üz-üzə qalan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin təxliyə edilməsinə təmənnasız olaraq dəstək göstərməlidirlər”.
Ekspert qeyd edib ki, bunun başqa bir yolu var: “Bildiyiniz kimi, Türkiyə dövlətinin heç bir ölkə ilə sərhədi bağlı deyil. Amma Azərbaycanın quru sərhədləri bağlıdır. Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədi açıqdır, ancaq bu, yalnız orada qeydiyyatda olan şəxslər üçündür. Bu istiqamətdə biz birlik təşkil etməliyik. Türkiyədə təhsil alan tələbələr gələcəkdə orda öyrəndiklərini ölkəmizdə tədbiq edəcək, ölkəmizin inkişafına töhvə verməyə çalışacaqlar. Ona görə, biganə qalmamalıyıq. Düşünürəm ki, AZAL orada zərərçəkmiş, vəziyyəti çətin olan Azərbaycan vətəndaşlarının təxliyə edilməsində öndərlik etməlidir. Azərbaycan hökuməti, birmənalı olaraq, tədbiqlərini həyata keçirməlidir”.
Onun sözlərinə görə, hər hansı güzəşt yox, vətəndaşların təmənnasız olaraq təxliyəsi həyata keçirilməlidir: “Biz inkişaf etmiş ölkə, öz sözünü demiş xalqıq. Azərbaycan Hava Yolları, Türk Hava Yollarını örnək almalıdır. Misal üçün, zəlzələ baş verən ərazilərdə təhsil alan türkiyəli tələbələr digər bölgələrə qayıtmaq üçün sadəcə tələbə biletlərini göstərirlər. Onların cüzi ödənişlə, hətta ödənişsiz təxliyə edilmələrini təmin edilir. Bu, Türkiyənin daxilindədir. Azərbaycan Hava Yollarının da onlardan örnək götürməsini təvsiyə edirəm”.
Aytac Aslan







jpg-1679058291.webp)








