• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Tələblər yerinə yetirilənə qədər aksiya davam etdiriləcək"

CƏMİYYƏT

16 Dekabr 2022 | 12:26

"Tələblər yerinə yetirilənə qədər aksiya davam etdiriləcək"

“Artıq 5 gündür ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədr müavini Samirə Novruzova bildirib.

O qeyd edib ki, aksiya iştirakçıları gecəni tonqal ətrafında keçiriblər: “Onlar ekoloji terrora son qoyulması və yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirirlər. Etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.

Aksiyamıza ictimai dəstək hər gün daha da artır. Geologiya, ekologiya, coğrafiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.

Qidalanma da normaldır, iştirakçılarımızda güclü ruh yüksəkliyi var. Gecəyə doğru havanın temperaturu aşağı ensə də aksiya davam edir, iştirakçılar yorulmadan şüarlar səsləndirir”.

S.Novruzova deyib ki, etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026