İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları hazırda davam edir.
Bakıvaxtı.az prosesin gedişi, istifadə olunan metodlar və əldə olunan nəticələr barədə ətraflı məlumat almaq üçün Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovla əlaqə saxlayıb.
Müsahibimiz bildirib ki, hazırda minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl minətəmizləmə şirkəti tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirilir. Yəni, işğaldan azad olunmuş bütün bölgələrdə əməliyyatlar aparılır:
“Bundan əlavə, ANAMA-nın bir qrupu Qazax rayonunun işğaldan azad edilmiş dörd kəndində də mina təmizləmə işləri həyata keçirir”.
Prosesin nə vaxt başa çatacağına gəlincə, H.Səfixanov bildirib ki, təxmini yekun tarixi müəyyən etmək hazırda mümkün deyil, çünki prosesin sürəti bir çox amillərdən asılıdır.

Hafiz Səfixanov: Yekun tarixi müəyyən etmək mümkün deyil, çünki prosesin sürəti bir çox amillərdən asılıdır
Xəritələrin natamamlığının mina təmizləmə sürətinə təsirinə gəlincə, həmsöhbətimiz deyib ki, təqdim olunan xəritələr yalnız keçmiş təmas xəttini əhatə edir. Dediyinə görə, rəsmi qurumların da bildirdiyi kimi bunlar heç 20-25 faiz dəqiqlikdə belə deyil:
“Bu səbəbdən hər bir ərazini qarış-qarış yoxlamalıyıq. Natamam xəritələr prosesi ləngidir, əlavə vaxt və resurs tələb edir, çünki hələ partlamamış hərbi sursatların haralarda mövcud olduğu dəqiq bilinmir”.
Səfixanov bildirib ki, humanitar mina təmizləmə əməliyyatlarında beynəlxalq standartlara uyğun bütün metodlardan istifadə edir. Buraya əl ilə mina təmizləmə, məsafədən idarə olunan mina axtaran maşınlar, mina axtaran itlər, müvafiq dronlarla minalanmış ərazilərin sahəsinin müəyyən edilməsi:
“Bu yanaşma kifayət qədər effektivdir və mina təmizləmə işlərinin təhlükəsiz və sistemli şəkildə aparılmasına imkan verir”.
Zeynəb Rzayeva
Bakı 



