Tıxaclar şəhərin ən böyük problemlərindən biridir. Bu, yalnız insanların yolda qalaraq vaxt itirmələrinə deyil, həm də psixoloji sağlamlıqlarına ciddi təsir göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, tıxaclar insanlara təcili işləri olduqda və ya görüşlərə gecikdikdə əlavə stress yaşadır.
Psixoloqun sözlərinə görə, yolda qalmaq insanlarda güclü əsəb gərginliyinə səbəb olur və bu vəziyyət uzun müddət davam etdikdə, artıq gündəlik həyatın bir hissəsinə çevrilir.
Ü.Məhərrəmova hesab edir ki, tıxacların yaranmasının əsas səbəblərindən biri sürücülük mədəniyyətinin aşağı səviyyədə olmasıdır. Dediyinə görə, bir çoxları qaydaları tam bilmir, bir-birlərinə yol vermirlər, lazımsız siqnallar verirlər:
“Halbuki qaydalara düzgün riayət edilsə, problemlərin çoxu aradan qalxar. Çünki yeni yolların salınması uzun zaman tələb edir, amma mədəniyyət və anlayış hər kəsin öz əlindədir. Sürücülər bir-birlərinə anlayış göstərsələr, tıxacların sayı əhəmiyyətli dərəcədə azalacaq”.
Ülkər Məhərrəmova, psixoloq
Bununla yanaşı müsahibimiz qeyd edib ki, insanlar tıxacda qaldıqları müddətdə vəziyyəti məcburi bir fasilə kimi qəbul etməlidirlər.
Həmsöhbətimizin dediyinə görə, tıxac zamanı nəfəs məşqlərindən istifadə etmək, musiqiyə qulaq asmaq, maşında su və ya yüngül qəlyanaltı saxlamaq stressi idarə etməyə kömək edə bilər:
“Belə olduqda insanlar həm aqressiyadan uzaq durar, həm də özlərini daha yaxşı idarə edə bilərlər”.
Ü.Məhərrəmova vurğulayıb ki, nə qədər gərginləşsək, bir o qədər xroniki stressə, depressiyaya yaxınlaşırıq. Həmçinin diqqət dağınıqlığı yaranır.
“Ona görə də real vəziyyəti qəbul etmək, “niyə belə oldu” sualı əvəzinə “necə rahat ola bilərəm?” düşüncəsinə köklənmək lazımdır. Daha səbirli olub, mənfini müsbətə çevirmək mümkündür”,- deyə Ülkər Məhərrəmova əlavə edib.
Mina Mikayılova