Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ.Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
16 iyun, saat 19:46
Tovuza qonaq gələn 22 yaşlı gəncin çayda batdığı ehtimal olunur.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndinə qohumlarıgilə qonaq gəlib. Son günlər intensiv yağan yağışlara görə Tovuz çayında suyun səviyyəsi və axar sürəti artıb.
Gəncin batdığı ehtimal olunan əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.



















