ABŞ Prezidenti Donald Tramp ilə Suriya Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüş, Yaxın Şərqdə yeni geosiyasi istiqamətlərin formalaşması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.
Uzun illər ABŞ-nin sanksiyaları və hərbi əməliyyatları altında olan Suriya rəhbərliyinin Ağ Evdə rəsmi səviyyədə qəbul edilməsi, Vaşinqtonun bölgədə yeni siyasi balans yaratmaq niyyətini göstərir. Bu, həm də ABŞ-nin İran və Rusiya təsirini məhdudlaşdırmaq üçün Dəməşqlə taktiki yaxınlaşma cəhdinin göstəricisidir.
Suriyanın İŞİD-ə qarşı ABŞ-nin rəhbərlik etdiyi koalisiyaya qoşulması ideyası, prinsipcə, real görünə bilər, lakin praktik baxımdan mürəkkəbdir. Çünki Suriya hökuməti uzun müddət bu koalisiyanı öz ərazi suverenliyinə təhdid kimi qiymətləndirib. Bununla belə, Dəməşq üçün iqtisadi bərpa və beynəlxalq təcriddən çıxış yolları açmaq baxımından bu addım rasionallıq daşıya bilər. ABŞ üçün isə bu, bölgədə İranın hərbi-siyasi dayaqlarını zəiflətmək, eyni zamanda Rusiyanın təsir dairəsini daraltmaq vasitəsi ola bilər.
Digər mühüm məsələ – Suriyanın "Abraham sazişi"nə qoşulması ehtimalıdır. Bu addım Suriyanın İsraillə münasibətlərində yeni bir səhifə aça və ərəb dünyasında balanslı siyasət yürütmək istəyinin göstəricisinə çevrilə bilər. Həmçinin bu, ABŞ və İsrailin bölgədə diplomatik inteqrasiyanı genişləndirmək planına uyğun gəlir. Əgər Dəməşq bu sazişə qoşularsa, bu, rejimin beynəlxalq leqitimliyini bərpa etmək, iqtisadi sanksiyaların yumşaldılmasına nail olmaq və Körfəz ölkələri ilə əlaqələri normallaşdırmaq məqsədi daşıyacaq.
Nəticə etibarilə, Tramp-Əl Şaraa görüşü Yaxın Şərqdə geosiyasi kartların yenidən qarışdığını göstərir. ABŞ-nin bu istiqamətdəki diplomatik aktivliyi həm Rusiya-İran blokuna qarşı çevik manevr, həm də bölgədə yeni güc balansının formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiya kimi dəyərləndirilə bilər.
Ruslan Zəngəzur
Bakı 



