• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Trampın Qəzza planı: Regional vasitəçilər və sülhün əldə olunma imkanı

DÜNYA

01 Oktyabr 2025 | 17:00

Trampın Qəzza planı: Regional vasitəçilər və sülhün əldə olunma imkanı

ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzza planı uzun illərdir davam edən qarşıdurmaya son vermək məqsədi daşısa da, onun həyata keçirilməsi ciddi suallar doğurur.

Planın əsas məğzi HƏMAS-ın hərbi əməliyyatlara son qoyması, əvəzində isə humanitar təminatların gücləndirilməsi və Qəzzanın idarəçiliyində beynəlxalq mexanizmlərin tətbiqidir. Bu, həm İsrailin təhlükəsizlik maraqlarını qorumağa, həm də fələstinlilərin minimum sosial tələblərinə cavab verməyə hesablanıb.

Burada Misir, Qətər və Türkiyənin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Çünki bu ölkələr HƏMAS ilə birbaşa dialoq imkanına malik olmaqla yanaşı, ABŞ ilə də münasibətləri saxlayan əsas regional oyunçulardır. Xüsusilə Qətərin Baş naziri və Misirin kəşfiyyat rəhbərinin HƏMAS liderlərinə təklifləri çatdırması, həm də “daha əlverişli şərtlər əldə etmək mümkün deyil” mesajı verməsi, planın qəbul edilməsinə ciddi təzyiq kimi görünür.

Bununla belə, Trampın planının əsas problemi onun dayanıqlılığı ilə bağlıdır. HƏMAS daxilindəki fraksiyalar arasında fikir ayrılığı, İsrailin təhlükəsizlik tələblərinin sərtliyi və regionda İranın təsir imkanları prosesin qarşısında ciddi maneələrdir. ABŞ və İsrailin gözləntisi HƏMAS-ın müəyyən qeyd-şərtlərlə də olsa planı qəbul etməsidir. Lakin belə bir razılaşma yalnız müvəqqəti atəşkəs yarada bilər, uzunmüddətli sülh üçün isə daha geniş siyasi güzəştlər tələb olunur.

Ümumilikdə, Trampın planı Yaxın Şərqdə ABŞ diplomatiyasının nüfuzunu gücləndirmək və Vaşinqtonu yenidən əsas vasitəçi mövqeyinə qaytarmaq cəhdi kimi dəyərləndirilə bilər. Amma bu təşəbbüsün real nəticələr verib-verməyəcəyini HƏMAS-ın mövqeyi və regional güclərin dəstəyi müəyyən edəcək.

Yəni plan hələlik daha çox “sülh imtahanı” rolunu oynayır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR