Qlobal ticarət axınlarının yenidən formalaşdığı bir dövrdə Orta DəhlizÇin ilə Avropa arasında ən dinamik inkişaf edən alternativ logistika xəttinə çevrilib. Geosiyasi risklərin artması, ənənəvi marşrutlardakı yüklənmə və nəqliyyat xərclərinin dəyişməsi, eləcə də Asiya–Avropa ticarətində marşrutların diversifikasiyası Orta Dəhlizə olan marağı kəskin şəkildə artırıb.
Bu yeni situasiya Azərbaycan üçün həm strateji imkanlar, həm də “logistika yarışında” üstün mövqe qazanmaq baxımından mühüm pəncərə açır. Ölkənin coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və multimodal daşımaları vahid sistem üzrə idarəetmə bacarığı Azərbaycanı regionun ən rəqabətli tranzit mərkəzlərindən birinə çevirir.
Bu kontekstdə Orta Dəhlizin genişlənən yük axını Azərbaycanın logistika sektorunda rəqabət üstünlüklərinin necə formalaşdığını və regional rəqabətin hansı istiqamətlərdə kəskinləşdiyini daha yaxından təhlil etməyi tələb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən logistika üzrə mütəxəssis Ağamehdi Mehdizadə bildirib ki, Orta Dəhliz üzrə yük axınının sürətlə genişlənməsi Azərbaycan üçün strateji imkanlar yaradır:
"Bu marşrut həm Çin-Avropa ticarətində alternativ yol funksiyası daşıyır, həm də bölgədə geoiqtisadi balansın formalaşmasına təsir edir. Azərbaycanın əsas üstünlüyü ölkənin Şərq-Qərb və Şimal-Cənub xəttlərinin kəsişməsində yerləşməsidir. Bu kəsişmə nöqtəsi ölkəni yalnız tranzit məkan deyil, həm də regional logistika habına çevirir. Son illərdə infrastrukturun modernləşdirilməsi rəqabət qabiliyyətini artıran əsas faktorlardandır".
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi yük axınını daha çevik və sabit edib:
"Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Xəzəryanı regionun ən böyük limanına çevrilməklə marşrutun dayanıqlığını təmin edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının multimodal imkanları konteyner, Ro-Ro və quru yük daşımalarında yüksək keçiricilik yaradır. Bu logistika klasteri Xəzər üzərindən yük keçidinin vaxtını əhəmiyyətli dərəcədə azaldır. Azərbaycan həmçinin rəqəmsal tranzit həllərində regionun liderinə çevrilir. "ASCO", "ADY" və liman sistemləri üzərində vahid rəqəmsal inteqrasiya marşrutun idarəetməsini optimallaşdırır. Bu yanaşma sənədləşmə proseslərini sürətləndirir və gecikmələri minimuma endirir".
Müsahibimiz bildirib ki, region ölkələri ilə müqayisədə Azərbaycan daha stabil və proqnozlaşdırıla bilən tarif siyasəti qurub. Gürcüstanla tranzit əməkdaşlığı marşrutun davamlılığını artırsa da, tarif elastikliyi baxımından Azərbaycan daha çevik davranır.

Ağamehdi Mehdizadə: Region ölkələri ilə müqayisədə Azərbaycan daha stabil tarif siyasəti qurub
"Türkiyə ilə Orta Dəhliz üzrə koordinasiya isə Avropaya çıxışı daha rahat edir. Qazaxıstan marşrutda mühüm tərəfdaş olsa da, hava şəraiti və liman yüklənməsi zaman-zaman gecikmələr yarada bilir. Bu halda Azərbaycanın çevik liman-logistika sistemi yükün sığorta mexanizmi kimi rol oynayır. Multimodal daşımaların artması ölkə iqtisadiyyatına əlavə gəlirlər gətirir. Tranzit gəlirlərindən əlavə, anbarlama, təkrar qablaşdırma və logistika xidmətləri üzrə yeni bazarlar formalaşır. Azərbaycanın sənaye zonaları yük axını ilə sinxron şəkildə inkişaf edir. Bu, logistikanın artıq yalnız tranzit deyil, istehsal zəncirinin tərkib hissəsinə çevrildiyini göstərir",- deyə logistika üzrə mütəxəssis vurğulayıb.
Həmsöhbətimiz xatırladıb ki, bununla belə, risklər də mövcuddur:
"Xəzərdə hava şəraitindən asılılıq, region ölkələri arasında qeyri-sabit tarif fərqləri və siyasi gərginliklər Orta Dəhliz üçün çağırışlar yaradır. Dəhlizin Avropa seqmentində olan tıxaclar bəzən ümumi dövriyyəyə təsir edir. Lakin strateji proqnozlar göstərir ki, növbəti on ildə Çin0Avropa ticarətinin diversifikasiyası davam edəcək. Bu isə Orta Dəhliz üzrə yük axınında illik 20025 faiz artım potensialı deməkdir. Azərbaycanın planlaşdırdığı ikinci liman, BTQ xəttinin gücləndirilməsi və rəqəmsal gömrük sistemləri bu proqnozları dəstəkləyir".
Ağamehdi Mehdizadə ümumi qiymətləndirmə olaraq deyib ki, Azərbaycan həm coğrafi, həm infrastruktur, həm texnoloji, həm də idarəetmə üstünlükləri ilə Orta Dəhlizdə lider mövqeyini daha da möhkəmləndirmək imkanına malikdir:
“Bu üstünlüklər yaxın illərdə ölkənin logistika sektorunu regional rəqabətdə ön sırada saxlayacaq".
Əli Hüseynov
Bakı 



