• Bakı -0° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Ukrayna atəşkəs sazişinə imza atmağa məcbur qala bilər - AÇIQLAMA

DÜNYA

21 Fevral 2025 | 11:33

Ukrayna atəşkəs sazişinə imza atmağa məcbur qala bilər - AÇIQLAMA

"Ukraynanın taleyini Ukraynasız həll etmək qeyri-mümkündür. Avropadan kifayət qədər hərbi yardım alan Ukrayna ordusunun gücü, imkanları yerindədir. Yəni hərbi əməliyyatları davam etdirmək əzmindədir".

Bu barədə siyasi şərhçi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, Rusiya və ABŞ rəsmiləri arasında Səudiyyə Ərəbistanında, Ər-Riyadda keçirilən görüş tarixi görüşdür:

"Uzun fasilədən sonra ABŞ və Rusiya yüksək ranqlı rəsmiləri arasında birbaşa görüş baş tutur. Nəzərə alaq ki, bu görüş həm də fevral ayının sonunda Ər-Riyadda keçirilməsi gözlənilən Tramp-Putin görüşünə hazırlıqdır”.

Müsahibimiz qeyd edib ki, ABŞ-Rusiya arasında həllini gözləyən bir çox məsələlər var. ABŞ-dən Rusiyaya tətbiq edilən sanksiyalar, hər iki ölkənin səfirliklərinin bərpası və s. məsələlər çözülməlidir. Tərəflər prosesin davamlı olması üçün müəyyən şərtlərini irəli sürüblər:

“Rusiya ciddi-cəhdlə çalışır ki, Krım, Donetsk və Luqansk bölgələrinə nəzarətini rəsmiləşdirsin. Bunu dünyaya qəbul etdirə bilsin. Həmçinin, Ukraynanın NATO-ya daxil olmasını əngəlləmək, NATO qoşunlarının ümumiyyətlə bu ərazilərə girməsinə mane olmaq niyyətindədir. Eyni zamanda özünə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edir”.

Onun sözlərinə görə, ABŞ-nin də şərtləri, həm də marağı var. Belə ki, ABŞ ilk növbədə hərbi əməkdaşlığı dayandırmağa, sonra sülh, yaxud atəşkəs sazişinə imza atılmasına nail olmağa çalışır:

“Donald Tramp açıq mətnlə deyir ki, indiyədək Ukraynaya 200 milyard dollar hərbi və maliyyə yardımı göstərilib. Onun əvəzində Ukraynanın mineral sərvətlərinin ABŞ-nin istismarına veriləsini tələb edir. Bu baxımdan düşünürəm ki, Ər-Riyaddakı görüş daha çox ABŞ və Rusiya arasındakı müəyyən problemləri aradan qaldırmaq, sonrakı mərhələdə sülhün əldə olunmasına zəmin yaratmaq üçün fürsətdir. Amma qısa zaman ərzində Ukrayna-Rusiya müharibəsində sülhün əldə olunması inandırıcı görünmür".

Əhməd Şahidov: Ukrayna və Avropanın iştirakı olmadan münaqişədə sülhün əldə olunması inandırıcı görünmür

Həmsöhbətimiz vurğulayıb ki, beynəlxalq hüquqa görə, Ukrayna əraziləri işğala məruz qalıb və burada itirən tərəf Ukraynadır:

"Kiyevin indiki halda nələri güzəştə gedəcəyi qeyri-müəyyəndir. Ancaq Ukrayna prezidenti heç bir halda torpaqlarının işğalı, itirilməsi ilə barışmayacaqlarını ifadə edir. Rusiyanın da şərtləri çoxdur. Fors-major bir hal yaşana bilər. Reallıq odur ki, bu gün Ukraynaya ən böyük maddi yardımı ABŞ göstərir. Əgər ABŞ dəstəyini kəsərsə, Ukraynaya təzyiq edərsə, rəsmi Kiyev atəşkəs sazişinə imza atmağa məcbur qala bilər. Rusiyanın da müəyyən şərtləri müvəqqəti qəbul edilə bilər. Amma heç bir halda bu, uzunmüddətli sülhə çevrilməyəcək. Belə demək mümkünsə, imzalanacaq hansısa sənədin ömrü Donald Trampın hakimiyyətinin sonuna qədərdir. ABŞ-də hakimiyyətin dəyişəcəyi təqdirdə, yaxud postPutin dövründə fərqli hadisələr baş verə bilər”.

Ə.Şahidov bildirib ki, Trampın Rusiyanı tələyə salmağa çalışdığını iddia edənlər də var:

“Deyilənə görə, Rusiyanın tam zəifləməsini istəməyən ABŞ ondan Çinə və İrana qarşı istifadə etmək istəyir. Çünki Tramp hər zaman ABŞ-nin iqtisadi maraqlarını önə sürür. Hazırda Amerikanın iqtisadi-ticari maraqlarına ciddi təhdid əslində Çinin rəhbərlik etdiyi BRİKS təşkilatıdır.

Amma Ukrayna və Avropa liderlərinin iştirakı olmadan münaqişədə sülhün əldə olunması inandırıcı görünmür. Avropa liderlərinin Fransa rəhbərinin təşəbbüsü ilə Parisdə toplanması da təsadüfi deyildi. Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Avropa ölkələri bundan sonra da Ukraynaya öz dəstəklərini davam etdirəcəklər. Eyni gündə Ukrayna Zelenskinin Türkiyəyə gəlişi də bu prosesdə ABŞ, Rusiya və Avropa ilə yanaşı, Türkiyənin də maraqlı oyunçu olduğunu göstərir. Yəni burada həm Avropa, həm də Türkiyə faktorunu nəzərdə saxlamaq lazımdır. Məsələ sadəcə ABŞ və Rusiya arasında olsaydı, tərəflərin qısa zamanda razılaşması mümkün olardı. İndiki halda Tramp çətin vəziyyətə düşüb".

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Fevral 2025