Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla müharibənin başa çatdırılmasına dair məsləhətləşmələr aparacaq nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
"Ukrayna heç vaxt bu müharibəni istəməyib və onu layiqli sülhlə bitirmək üçün hər şeyi edəcək. Ukrayna heç vaxt sülhə əngəl olmayacaq. Ukrayna dövlətinin nümayəndələri Ukrayna xalqının ədalətli maraqlarını və Avropa təhlükəsizliyinin əsaslarını müdafiə edəcəklər", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Zelenski nümayəndə heyətində hansı rəsmilərin təmsil olunduğunu göstərən 854/2025 nömrəli fərmanı açıqlayıb.
Qeyd edilir ki, ABŞ və digər beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya Federasiyasının nümayəndələri ilə ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlar prosesində iştirak edəcək nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:
Andrey Yermak - Ukrayna Prezidenti Ofisinin rəhbəri, nümayəndə heyətinin başçısı;
Rustem Umerov - Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi;
Kirill Budanov - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi;
Andrey Qnatov - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;
Oleq İvaşşenko - Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri;
Sergey Kislitsa - Xarici işlər nazirinin birinci müavini;
Yevgeni Ostryanski - Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini;
Aleksandr Poklad - Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müavini;
Aleksandr Bevz - Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri.
Fərmana əsasən, nümayəndə heyətinin başçısına Zelenski ilə razılaşdırılması şərti ilə Ukrayna nümayəndə heyətinin tərkibinə dəyişiklik etmək; dövlət orqanlarının, müəssisələrin, təşkilatların əməkdaşlarını (rəhbərləri ilə razılaşdırılmaqla), elmi məsləhətçiləri, ekspertləri (razılıqları əsasında) nümayəndə heyətinin işinə cəlb etmək icazəsi verilir.
Bundan əlavə, Zelenski Nazirlər Kabinetinə nümayəndə heyətinin işini maliyyələşdirməyi tapşırıb.
Bu arada Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov elan edib ki, məsləhətləşmələr yaxın günlərdə İsveçrədə başlamalıdır.
Oxu.Az
Bakı 



