Krımda FSB yarımadada təxribatda iştirak edən Ukrayna xüsusi xidmətinin üç agentini saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan biri Moldova vətəndaşıdır və ifadəsində partlayıcı qurğunu gizlətdiyi yerin koordinatlarını verib.
Onun sözlərinə görə, Kerç şəhərini su ilə təmin edən su nasos stansiyasını partlatmaq nəzərdə tutulub.
Bildirilib ki, o, apreldən etibarən Krımda hərbi texnikanın yerləşdiyi yerlər, Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə mövqeləri, nəqliyyat və enerji infrastrukturu obyektləri haqqında məlumatları toplayaraq Ukraynaya ötürüb.
Saxlanılan ikinci şəxs rusiyalıdır və Ukraynada mina partlayıcıları və atıcı silah təlimi alıb. Həmin şəxs əldəqayırma partlayıcı qurğu hazırlayıb və ondan 2024-cü ilin iyulunda Krımda qaz kəmərini minalamaq üçün istifadə edib.
Saxlanılan digər Rusiya vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarına Krımda hərbi obyektlərin yerləşdiyi yer, Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərinin yaşayış ünvanları və istifadə etdikləri maşınlar barədə məlumat verib.
Mina Mikayılova











