İllərdir ki, Azərbaycanda həllini tapmayan problemlərdən biri iş müsahibəsi zamanə ali məktəbi yenicə bitirmiş şəxslərdən təcrübə tələb edilməsidir. Belə ki, vakansiyada işləmək üçün kifayət qədər savadlı və bacarıqlı gənclərdən 2-3 il iş təcrübəsi tələb olunduğu üçün işsiz qalırlar.
Həmyerlimiz, Avropa Birliyi Mərkəzində fəaliyyət göstərən "Amazon" şirkətinin biznes analitiki Yaşar Əhmədlinin Bakıvaxtı.az-a dediyinə görə, bu, düzgün metod deyil: “Bəzi xarici ölkələrdə dövlət şirkətlərə müəyyən kvota qoyur, ən azından 6 aylıq praktikant kimi işə götürməlidirlər. Belə olduqda, tələbələr, hətta universitet zamanı müəyyən təcrübə əldə edə bilirlər. Bir də Fiver/Upwork kimi saytlar var, orda hər kəs freelancer kimi iş götürə bilir. Bəziləri orda özünə portfolio qurub işəgötürənə təcrübə qazandığını göstərə bilir. Proqramlaşdırma/data analitika kimi sahələrdə də internet üzərindən müəyyən yarışmalarda, hackathonlarda, “case study”-lərdə iştirak edərək praktiki təcrübə əldə edə bilirlər”.
Y.Əhmədli qeyd edib ki, bu, qlobal problemdir, təkcə Azərbaycana aid deyil: “Amma, təbii ki, Azərbaycanda iş yerlərinin az olması yeni məzunlar üçün baş ağrısına çevrilir”.
Müsahibimizin fikrincə, tələbələr 3-4-cü kursdan artıq bu barədə düşünməlidirlər: “Praktikant kimi yay aylarını işləmək üçün can atmalıdırlar. Universitetlər də sənaye ilə daha yaxından əlaqə qurub tələbələrə dəstək olmalıdırlar”.
Yaşar Əhmədli bildirib ki, sanballı universitetlərin kampuslarında fəaliyyət göstərən "teknokent"lərin ofisləri olur: “Belə olanda da şirkətlərlə universirtetlər daha sıx bağlı olurlar”.
Aytac Aslan
















