Bir neçə aydır bir çox karantin məhdudiyyətlərinin götürülməsinə, restoran və iri ticarət mərkəzlərinin açıq olmasına baxmayaraq, uşaq əyləncə mərkəzləri hələ də bağlıdır. Nəticə də uşaqlar böyüklər hara gedirsə ora getməyə məcbur qalır. Nəzərə alsaq ki, koronavirus uşaqlara arasında yayılmır, niyə hələ də bağlıdır?
Mövzu ilə bağlı deputat Razi Nurullayev Bakıvaxtı.az-a münasibət bildirib:
Uşaq əyləncə mərkəzlərində yalnız uşaqlar yox, böyüklər də olur. Çünki uşaqları ora anaları, ataları, nənələri, babaları, bir sözlə, böyüklər aparır. O baxımdan, yəqin ki, bu addımlar uşaqların qorunması üçün atılıb. Amma, təbii ki, koronavirusa yoluxanların sayı azaldıqca, yəqin ki, bağlı yerlər də açılacaq. Mənə elə gəlir ki, artıq hökümət qətiyyətli mövqe ortaya qoydu ki, hər kəs vaksin olunmalıdır. Düşünürəm ki, çox güman, sentyabr ayının 1-nə kimi Azərbaycanın xeyli hissəsi, yəni artıq 60 faizdən yuxarı əhali vaksin olunacaq və ondan sonra bütün bu bağlı yerlərin də açılması üçün imkanlar yaranacaq. O ki qaldı uşaqların virusa yoluxmamasına, hal hazırda yeni yayılan ştamların uşaqlara da yoluxması ilə bağlı fikirlər səsləndirilir. Yəqin, bu fikirlər müəyyən narahatlıq doğurur ki, uşaqların qorunması məqsədilə uşaq əyləncə mərkəzlərinin açılması məhdudlaşdırılır.
Aytac Aslan















