• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pediatrlar körpə qidaları distributorları ilə əlbir işləyir: Ölkəmizdə uşaq qidaları niyə bahadır?

CƏMİYYƏT

28 Oktyabr 2024 | 10:48

Pediatrlar körpə qidaları distributorları ilə əlbir işləyir: Ölkəmizdə uşaq qidaları niyə bahadır?

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin sağlam olması isə bizdən asılıdır. Uşaqların sağlam ruhda böyüməsi üçün müəyyən qərarların, qanunların qəbul edilməsi dövlətimizin bu məsələyə olan diqqətinin bariz nümunəsidir.

Bakıvaxtı.az-ın məlumatına görə, Milli Məclisin ötən plenar iclasında “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev çıxış edərək, ölkəmizdə uşaq qidalarının istehsal olunmamasına, satılan qidaların da çox baha olmasına diqqət çəkərək narazılığını bildirib.

Razi Nurullayev: 1-3 yaşlıların yeməyi dövlət hesabına təmin edilsin

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, 15-20 il əvvəl Dünya Bankı, müxtəlif inkişaf təşkilatları, agentliklər ilə danışıqlar gedirdi, Azərbaycanda uşaq yeməklərinin istehsalı ilə bağlı fabrikin tikilməsi üçün vəsait ayrılması nəzərdə tutulurdu və ölkəmizdə xammalın olduğu da deyilirdi.

Bu danışıqlarda tərcüməçi kimi iştirak etdiyini xatırladan deputat bu prosesləri yaxından izlədiyini vurğulayaraq nəzərə çatdırıb ki, bu günə qədər Azərbaycanda bu məsələ həll olunmayıb və uşaq yeməkləri çox bahadır.

R.Nurullayevin sözlərinə görə, valideynlər keyfiyyətli uşaq yeməkləri ilə uşaqlarını təmin edə bilmir ki, bu da çox ciddi bir problem yaradır. Müsahibimiz izah edib ki, gərək uşaq yaxşı yesin ki, beyni yaxşı inkişaf eləsin, fiziki cəhətdən sağlam olsun, yəni özülü doğru-düzgün qoyulsun:

“Amma ən keyfiyyətli uşaq yeməklərinin ən aşağı səviyyəsi 70-80 manatdan başlayır. Amma daha keyfiyyətli, bütün vitaminlərin, lazım olan tərkibin olduğu uşaq yeməkləri isə 180-200-250 manata satılır. Təbii ki, belə keyfiyyətli yeməyi her kəs ala bilmir. Gedib ən ucuz yeməkləri alırlar. Bəzən isə heç ən ucuzunu almağa belə imkanları çatmır və özləri dədə-babadan qalmış variantlarla uşaqlarını yedizdirirlər. Bu isə təbii ki, uşaqların gələcəyi üçün riskdir”.

Deputat uşaqların sağlam böyüməsi adına onların 1 yaşından 3 yaşına qədər dövlət hesabına uşaq yeməyi ilə təmin edilməsinin dövlətimizin inkişafı və vətəndaşlara qoyduğu sərmayə olduğunu vurğulayıb:

“Bu sərmayə vətəndaşlarımızın sağlam simasında, savadlı olmasında rol oynayır. Onlar bu sərmayəni öz beyinlərinin məhsulu ilə, fiziki əməkləri ilə, savadları ilə qaytaracaqlar. Bu məsələyə ciddi şəkildə diqqət yetirilməlidir ki, problem öz həllini tapa bilsin”.

Eyyub Hüseynov: Azərbaycanda ana südü ilə qidalanmayla bağlı vəziyyət bərbad haldadır

Bakıvaxtı.az-a açıqlamasında Azad İstehsalçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda ana südü ilə qidalanma ilə bağlı vəziyyət çox bərbad haldadır və Mərkəzi Avropa ölkələrindən geri qalırıq:

“Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, körpə dünyaya gələndə anadan ayırır və ona süni uşaq qidası verirlər. İlk süni qidanı almış körpə sonra ana südü ilə qidalanmaya meyilli olmur. Bu sahədə bir çox problemlər yaşanır”.

Burada ən ciddi problemlərdən birinin pediatrlarla körpə qidaları distributorlarının əlbir işləməsi olduğunu nəzərə çatdıran ekspert illərdir bu əlaqəni ifşa etməyə çalışdıqlarını, lakin buna hələ də nail ola bilmədiklərini vurğulayıb. Dediyinə görə, ölkədə erkən yaşlı uşaqların qidalanmasına dair qanun qəbul olunub, bu qanunla körpə qida distirubutorlarının doğum evləri və pediatrlarla əməkdaşlığı qadağan olunub.

E.Hüseynov körpə qidalarının harada gəldi satılmasına da narazılığını bildirib. Qeyd edib ki, beynəlxalq təcrübənin göstərdiyinə görə, yeni uşaq dünyaya gətirmiş ananın gözü mağazada körpə qidasına toxunanda körpəsinə onu vermək kimi bir hiss yaranır və südünün azalması baş verir.

Müsahibimiz körpə qidalarının çox həssas bir qida olduğunu, onun hazırlanmasının o qədər də asan olmadığını deyib. AİB sədri Azərbaycan biznesmenlərinin bu sahəyə investisiya qoymaq istəmədiklərini vurğulayıb:

“Yerli biznes qurumu müəyyən hesablamalar aparır. Körpə qidaları böyük istehlakçı təbəqəsini əhatə etmir. Ona görə də buna investisiya qoymaq istəmirlər. Xaricdən gətirilən körpə qidalarında problemlər yoxdur. Sadəcə olaraq, markalanmasında, saxlanmasında problemlər olur və istehlakçılar körpə qidalarının bahalığından şikayətçidirlər. Düşünürəm, dövlət müəyyən investisiya ayırmalıdır ki, bu bizneslə məşğul olanlar yerli körpə qidasının istehsalına nail olsunlar”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026