Hindistanın baş naziri Narendra Modi Ukraynadan qayıdan kimi bu ölkənin müdafiə naziri Rajnath Singh Amerika Birləşmiş Ştatlarına səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, o, Vaşinqtonda amerikalı həmkarı, Pentaqonun başçısı Lloyd Ostinlə görüşdə müdafiə sahəsində əməkdaşlığın gücləndirməsi mövzularını müzakirə edib. Hər iki dövlət Hind və Sakit Okeanda birgə hərbi əməkdaşlığın vacibliyini vurğulayıb. ABŞ və Hindistan reaktiv mühərriklərin, pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılıq əldə ediblər. Bundan başqa, müdafiə nazirləri kosmosda birgə əməkdaşlığın mümkünlüyü barədə fikir mübadiləsi aparıblar.
Politoloq Elxan Şahinoğlu sözügedən səfərlə bağlı Bakıvaxtı.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlığa baxmayaraq, Vaşinqton Dehlinin Rusiyadan hərbi texnika alışından narahatdır:
"Vaşinqton Hindistanın Rusiyadan S-400 raket komplekslərinin alışının əleyhinədir. Vaşinqton hesab edir ki, ABŞ-nin müttəfiqləri Rusiyadan hərbi texnika almamalıdırlar. Hindistan S-400 raket kompleksi ilə maraqlansa da, hələ bu sistemi almayıb. Dehli üçün xarici və təhlükəsizlik siyasətində balanslı mövqeyi davam etdirmək asan deyil. Bir ölkənin həm Rusiya, həm də ABŞ-dən hərbi texnika alması, ortaq layihələr reallaşdırması çətindir".

Elxan Şahinoğlu: Vaşinqton Hindistanın Rusiyadan S-400 raket komplekslərinin alışının əleyhinədir
Politoloq hesab edir ki, Dehli ABŞ ilə ortaq hərbi layihələrin reallaşmasına çalışır. Hindistanın müdafiə naziri ABŞ-dəki hind diasporu qarşısında çıxışında ölkəsinin ABŞ ilə strateji tərəfdaşlığa sadiq alacağını vurğulayıb.
Gülşən Şərif
















