• Bakı 26° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Vasitəçilərin kölgəsi çəkildi: Qafqazda sülh səhifəsi açılır

DÜNYA

02 Sentyabr 2025 | 14:27

Vasitəçilərin kölgəsi çəkildi: Qafqazda sülh səhifəsi açılır

Qafqazın mürəkkəb tarixində yeni səhifə açılır.

İllər boyu “vasitəçilik” adı altında bölgədə yalnız vaxt uzadan, amma sülhə heç bir fayda verməyən Minsk Qrupu artıq tarixə qovuşub. Bu gün Azərbaycanla Ermənistan arasındakı münasibətlərin taleyini kənardan gələnlərin deyil, məhz iki xalqın iradəsi həll edir. Artıq masa arxasında vasitəçilər yox, birbaşa danışan tərəflər var. Bu dialoq mühiti, etimadın addım-addım qurulması və qarşılıqlı anlaşma sülh müqaviləsinə doğru aparan yeganə yoldur. Qarşıda qalan yeganə maneə isə Ermənistanın öz konstitusiyasında daşıdığı köhnə iddialardan əl çəkməsidir. Bu da baş verdikdən sonra, regionda uzun illər gözlənilən sülhün imzalanması qarşısında heç bir əngəl qalmayacaq.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Zeynəl Əmrəliyev bildirib ki, Minsk qrupunun ləğvi prosesi Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçirilib. Bu, hüquqi mexanizm əsasında baş verib və əsas məqam ondan ibarətdir ki, ləğvetmə üçün hər iki tərə müvafiq müraciət ünvanlamalı idi. Müraciət əsasında ATƏT-in Nazirlər Şurasında Minsk qrupunun fəaliyyətinə son qoyulması barədə qərar qəbul edilib:

"Bundan sonra işləyəcək mexanizm yalnız ikitərəfli münasibətlər çərçivəsində olacaq. Yəni Azərbaycan və Ermənistan arasında artıq faktiki vasitəçilərsiz dialoq mühiti formalaşıb. Bu mühit isə iki dövlət arasında sülh müqaviləsinə doğru aparan yolun əsasını təşkil edir. Burada ən mühüm məsələ qarşılıqlı etimadın yaradılmasıdır".

Zeynal Əmrəliyev: Vaşinqton görüşündə sülh müqaviləsinin paraflanmasına nail olunub

Onun sözlərinə görə, etimad mühitinin formalaşdırılması üçün dövlətlər arasında geniş iş aparılır. Məsələn, dünən Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş bu istiqamətdə mühüm addım idi. Belə görüşlərin davam etməsi, həmçinin hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə müəyyən məsələlərdə dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən artıq Minsk qrupu kimi bədnam qurumlara ehtiyac yoxdur:

"Vaşinqton görüşündə sülh müqaviləsinin paraflanmasına nail olunub. Artıq ortada bir layihə var və proses müqavilənin imzalanmasına doğru istiqamətlənib. Növbəti mərhələdə Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Bu, xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddələrin çıxarılması baxımından zəruridir. Sözügedən maddələr aradan qaldırıldıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq".

Müsahibimiz qeyd edib ki, hazırda sülh müqaviləsinin imzalanması üçün gözlənilən yeganə məsələ Ermənistan Konstitusiyasına bu dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu dəyişikliklər həyata keçirildikdən sonra müqavilə imzalanacaq və münaqişə tam şəkildə tarixə qovuşacaq. Beləliklə, vasitəçilik missiyası adı altında fəaliyyət göstərən, əslində isə regiona turist səfərləri təşkil etməklə məşğul olan Minsk qrupu və bu kimi qurumlara bundan sonra ehtiyac qalmayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR