ABŞ-nin Venesuelaya birbaşa müdaxiləsi və Nikolas Maduronun həbs edilməsi Latın Amerikasında uzun müddətdir müzakirə olunan, lakin praktikada bu qədər açıq formada görünməyən yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu hadisə təkcə Venesueladakı siyasi rejimin sonu deyil, həm də Vaşinqtonun Amerika qitəsinə dair baxışının sərtləşdiyini göstərən açıq siqnaldır.
Xüsusilə Donald Trampın hakimiyyətə gəlişindən sonra səsləndirilən “kontinental prioritetlər” indi real addımlarla müşayiət olunur. ABŞ bu addımlarla Çin və Rusiyanın qitədə artan təsirini geri çevirməyə çalışır və Venesuela bu strategiyanın ilk sınaq nöqtəsinə çevrilib. Mövcud proseslərin davamı olaraq digər ölkələrin də təzyiq altına düşə biləcəyi ehtimalları güclənir.
Bu mövzuda Bakıvaxtı.az-a danışan politoloq Alim Nəsirov bildirib ki, bu hadisəni Tramp dövründə formalaşan kontinental strategiyanın ilk açıq tətbiqi kimi dəyərləndirmək olar. Onun sözlərinə görə, ABŞ Venesuela üzərindən göstərdi ki, Amerika qitəsində kənar güclərin dərin siyasi və hərbi mövcudluğunu qəbul etmir:
“Bu addım sadəcə Maduro hakimiyyətinə qarşı deyil, eyni zamanda Çin və Rusiyaya ünvanlanmış mesajdır. Vaşinqton qitəni yenidən öz təsir zonasına çevirmək niyyətini gizlətmir. Venesuela bu baxımdan zəif və uyğun başlanğıc nöqtəsi idi. Bundan sonra prosesin daha geniş coğrafiyanı əhatə etməsi istisna deyil”.
“Venesueladan sonra hansı ölkələr risk zonasında görünür və niyə” sualını cavablandıran politoloq bildirib ki, risk zonasında olan ölkələr əsasən Çinlə iqtisadi və hərbi əməkdaşlığı sürətlə genişləndirən dövlətlərdir. Panama, Peru, Braziliya, Argentina və Ekvador bu kontekstdə daha çox diqqət çəkir. ABŞ üçün problem təkcə iqtisadi investisiyalar deyil, Pekinin strateji infrastruktur və təhlükəsizlik sahələrinə nüfuzudur. Son illər Latın Amerikasında Çin ABŞ-ı bir çox sahədə geridə qoyub. Bu isə Vaşinqtonun Avrasiya strategiyasını da dolayı yolla zəiflədir. Tramp administrasiyası bu tendensiyanı dayandırmaq istəyir.

Alim Nəsirov: Suveren dövlətin liderinin başqa ölkə tərəfindən həbs edilməsi hüquqi normalara ziddir
A.Nəsirova görə, Meksikaya mümkün müdaxilə ilə bağlı açıqlamalar Venesuela presedentinin davamıdır. Dediyinə görə, rəsmi izah narkotiklərlə mübarizə kimi təqdim olunsa da, əsas narahatlıq Çinin Meksikadakı artan iqtisadi və texnoloji təsiridir:
“Meksika ABŞ üçün təkcə qonşu ölkə deyil, strateji təhlükəsizlik buferidir. Pekinin burada möhkəmlənməsi Vaşinqton üçün qəbuledilməzdir. Bu səbəbdən ABŞ təzyiq alətlərini genişləndirir. Narkotrafika arqumenti isə bu siyasətə legitimlik qazandırmaq üçündür”.
Həmsöhbətimiz bildirib ki, beynəlxalq hüquq prizmasından yanaşsaq, bu addımların legitim olduğunu demək çətindir. Suveren dövlətin liderinin başqa ölkə tərəfindən həbs edilməsi hüquqi normalara ziddir. Lakin mövcud beynəlxalq münasibətlər sistemi hüquqdan daha çox gücə əsaslanır:
“ABŞ-nin hərbi, siyasi və iqtisadi üstünlüyü bu cür addımların cəzasız qalmasına şərait yaradır. Faktiki olaraq “güclü olan haqlıdır” prinsipi işləyir. Bu reallıq isə beynəlxalq hüququ getdikcə daha formal mexanizmə çevirir”.
Zülfü Məmmədov
Bakı 




