Xəzər dənizi son illərdə görünməz bir təhlükə ilə üz-üzədir: suyun səviyyəsi sürətlə azalır.
Sahillərdəki kəndlər, limanlar və ekosistemlər bir zamanlar dənizin qucağında idi, indi isə su çəkildikcə bu yerlər özünü itirir kimi görünür. Bu dəyişiklik yalnız təbii amillərlə bağlı deyil; insan fəaliyyəti, çaylarda su anbarlarının tikilməsi və suyun intensiv istifadəsi də bu problemi dərinləşdirir.
Belə bir vəziyyət regionun ekologiyasına və iqtisadi həyatına uzunmüddətli təsirlər göstərə biləcək bir xəbərdarlıq kimi qəbul edilməlidir.
Mövzu ilə bağlı Bakıvatı.az-a açıqlama verən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru Zaur İmrani bildirib ki, Xəzər dənizində su səviyyəsinin azalması bir neçə əsas səbəblə izah olunur. Əvvəlcə iqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinə ciddi təsir göstərir:
"Havanın istiləşməsi və buxarlanmanın artması dəniz səviyyəsinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, xüsusilə Xəzəri qidalandıran hövzələrdə yağıntıların azalması müşahidə edilir. Çaylar isə Xəzər dənizinin su balansını qoruyan əsas təbii amillərdən biridir".
Müsahibimiz əlavə edib ki, təbii səbəblərlə yanaşı, insan fəaliyyətinin də rolunu nəzərə almaq vacibdir. Xəzərə daxil olan suyun təxminən 80–85%-i Volqa çayının payına düşür. Lakin son onilliklərdə Volqa və digər çaylarda su anbarları və bəndlərin tikintisi, eləcə də çay sularının suvarma və sənaye məqsədləri üçün intensiv istifadəsi, dənizə çatacaq suyun azalmasına səbəb olur.

Zaur İmrani: Xəzər dənizində bu proses periodik olaraq baş verib və davam etməkdədir
"Qeyd etmək lazımdır ki, Xəzər dənizinin səviyyəsi tarix boyunca həm yüksəlib, həm də enib. Lakin son onilliklərdəki azalmanın tempi əvvəlkilərdən daha sürətlidir və bu, əsasən insan təsərrüfat fəaliyyətinin nəticəsidir. Alimlər hesab edirlər ki, əgər bu vəziyyət davam edərsə, sahilyanı ekosistemlər, balıqçılıq və liman infrastrukturu ciddi təhlükə ilə üzləşə bilər",- Z.İmrani diqqətə çatdırıb.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısının alınması üçün hazırda Xəzəryanı dövlətlər müvafiq tədbirlər həyata keçirirlər. Lakin bu tədbirlər su kütləsinin intensiv azalmasına hələlik ciddi təsir göstərə bilmir. Çünki azalmanın bir neçə səbəbi vardır və onlar kompleks şəkildə həll olunmalıdır:
"Bundan əlavə, Xəzər dənizində bu proses periodik olaraq baş verib və davam etməkdədir. Buna görə də, vəziyyəti kritik hesab etmək düzgün olmaz. Tarixi məlumatlara görə, Xəzərin səviyyəsi keçmişdə bu səviyyədən də aşağı olub. Sadəcə, suyun azalmasının qarşısını almaq üçün alternativ yollar axtarmaq vacibdir. İnanırıq ki, yaxın 10–15 il ərzində Xəzər dənizinin səviyyəsi yenidən tənzimlənəcək. Bunun üçün isə antropogen təsirlərin həcmini və miqyasını azaltmaq zəruridir".
Əli Hüseynov
Bakı 




