Son illərdə Avrasiya regionunda nəqliyyat və logistika infrastrukturuna artan diqqət, ölkələrin iqtisadi və geosiyasi mövqelərinin güclənməsində mühüm rol oynayır. Dünyanın qlobal ticarət şəbəkəsində sürət, səmərəlilik və təhlükəsizlik tələblərinin yüksəlməsi, region ölkələrini strateji marşrutların inkişafına investisiya etməyə məcbur edir. Bu baxımdan, Avrasiyada yerləşən nəqliyyat dəhlizləri yalnız yük daşımaları üçün vasitə deyil, həm də ölkələrin beynəlxalq əlaqələrini möhkəmləndirən, ixrac və idxal imkanlarını genişləndirən və regional əməkdaşlığı stimullaşdıran strateji xəttə çevrilir.
Eyni zamanda, qlobal iqtisadi dinamika və enerji resurslarının regional paylanması, bu dəhlizlərin yalnız tranzit rolu ilə kifayətlənməyərək, ölkələrin iqtisadi inkişaf planları və geosiyasi maraqları ilə birbaşa əlaqəli olduğunu göstərir. Bu kontekstdə Orta dəhliz kimi layihələr, yalnız yük daşımalarını sürətləndirmir, həm də iqtisadi və diplomatik baxımdan ölkələr üçün yeni imkanlar yaradır, regional inteqrasiyanı gücləndirir və qlobal ticarət şəbəkəsində strateji üstünlük təmin edir.
Orta Dəhliz Çinin, Türkiyənin və Mərkəzi Asiyanın maraqlarını hansı nöqtədə kəsişdirir? Qazaxıstanın artan neft tranziti Azərbaycan üçün strateji üstünlüyə çevrilirmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Orta dəhliz Avrasiyada iki ölkədən başqa bütün ölkələr üçün strateji əhəmiyyətə malikdir:
"Xüsusilə Çin, Türkiyə və Qazaxıstan üçün bu dəhliz mühüm rol oynayır. Qazaxıstan həm enerji resurslarının daşınması, həm də digər iqtisadi fəaliyyətlər üçün Orta dəhlizə güvənir".

Eldəniz Əmirov: Zəngəzur vasitəsilə Türkiyə Orta Asiyaya daha sürətli çıxış əldə edə biləcək
Ekspert əlavə edib ki, hazırda Zəngəzur dəhlizinin Orta dəhliz üzərində yeni bir seqment kimi yaradılması əlavə imkanlar açır. Zəngəzur vasitəsilə Türkiyə Orta Asiyaya daha sürətli çıxış əldə edə biləcək.
Onun sözlərinə görə, Azərbaycan üçün də bu dəhlizin strateji əhəmiyyəti böyükdür:
"Orta dəhliz iqtisadi fəaliyyət sahələrinin inkişafına, idxal və ixracın səmərəli həyata keçirilməsinə əhəmiyyətli töhfə verir və eyni zamanda davamlı tranzit gəlirləri təmin edir. Çin üçün isə bu dəhliz strateji bir logistik xəttdir, çünki o, dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından birinə malikdir və ixrac marşrutlarını diversifikasiya etmək onun üçün müstəsna önəm daşıyır".
Əli Hüseynov
Bakı 




