Nəhayət qoca bir ilin sonuna gəldik. 31 dekabr azərbaycanlılar üçün təkcə yeni ilin gəlişi deyil, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq qeyd olunur. Bu həmrəylik dünyanın hər tərəfində yaşayan azərbaycanlıların birliyinin rəmzidir.
Bakıvaxtı.az xəbər verir ki, İzmirdə yaşayan azərbaycanlı jurnalist Nigar Ogeday Azərbaycanı Türkiyədə onurla təmsil edən sənətçimiz, tanınmış aktrisamız Roza İbadova Qocamazla modern.az üçün söhbətləşib.
- Roza İbadova kimdir? Yolu Türkiyəyə necə düşdü?
- Mən Roza İbadova Kocamaz ziyalı və Qarabağ savaşında Füzuli uğrunda savaşda mücadilə verən bir vətən sevdalısı atanın qızı…
Maştağa qəsəbəsində N.Nərimanov adına 128 nömrəli orta məktəbdə təhsil almışam. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Daha sonra təhsilimi Moskvada 12-ci teatr məktəbində davam etdirmişəm.
Universitetin ilk illərindən dəyərli sənətkarımız, Xalq artistimiz Cənnət xanım Səlimovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. İlk rolum mərhum sənətkarımız, Xalq artisti Vaqif Əsədovun səhnələşdirdiyi Ç.Dikkensin Oliver Tvistin Maceraları tamaşasındakı "Oliver "rolu olub. Və Azərbaycan səhnəsinin ilk "Oliver"i... Ondan sonra silsilə şəkildə bir çox rejissorların tamaşalarında rollarım olub.
Bəhram Osmanovun "Müharibə" tamaşasındakı Semira rolu isə kifayət qədər səhnə yaradıcılığımda səs-küyə səbəb oldu.
Bu sırada filmlərdə, seriallarda, TV-lərdə uşaq proqramlarında aparıcı kimi də fəaliyyətimi davam etdirmişəm. 2015-ci ildə Türkiyənin İzmir şəhərinə köçənə qədər. O vaxtdan bu günə kimi artiq burda səhnə alır və çalışıram...
Türkiyəyə gəlişim ailə həyatı ilə bağlıdı.
İctimai TV-nin səhər efirində uşaqlar üçün yayımlanan “Hoqqabaz” verilişi var idi. Aparıcısı da mən idim. O ərəfədə də şirkətləri ilə birlikdə Bakıya çalışmağa gəlir Cihan bəy və məni TV-də görur... Daha sonra araşdırmağa başlayır, hansı teatrda çalışdığımı öyrənir. Gəlib tamaşalarımı izləyir. Qısacası aşiq olur və bir neçə ay sonra biz tanış olduq, böyüklərimiz tanış oldular və ailə qurduq. İzmirə gəldik - Cihan bəyin yaşadığı şəhərə. Hazırda da burda yaşayırıq.
- Türkiyəyə gəldikdən sonra bura alışmaq sizin üçün zor olmadımı?
- Əlbəttə çətin oldu..Hələ də çətindir...
Hazırda İzmirin ən böyük özəl teatrlarından olan Rüçhan Gürelin yönətmənləyindəki HAN teatrının komandasındayam. Bununla bərabər artıq doqquz ildir Ege bölgəsində Azərbaycan-Türkiyə adına keçirilən bir çox tədbirlərin aparıcısı və yönəticisiyəm.
İzmir şəhəri bir neçə xalqın mədəniyyətini özündə birləşdirir. Sənətə böyuk sevgi və qayğı var. İnsanlar öyrənəndə ki, qarşılarındakı bir sənətçidir, gözlərində ışıq görünür..
Əlbəttə, darıxmamaq mümkün deyil. Yaxşı ki, Azərbaycan səhnəsində var olmuşam, yetişmişəm, ustadlarım olub. Böyuk sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Tək-tək adlarını söyləsəm uzun çəkər, hər birindən öyrəndiyim çox şeylər olub. Allah hamısına can sağlığı versin. Vəfat edənlərin də məkanı cənnət olsun.
Bir də mən hər şeyi buraxıb gedəndə karyeramın yaradıcılığımın ən parlaq çağları idi. Uşaqların böyuk sevgisini qazanmışdım. Axı onların sevimli Oliveri, Buratinosu, Hoqqabazı və sairi idim ...
- Özünüzdə söylədiniz ki, Azərbaycanda çox sayda proyektlərdə olmusunuz, Türkiyədə də hansısa bir layihədə varmısınız?
- Vətən adına çaba göstərmək ən böyük qürürdur Çətinliklərimiz çox olur. Üzücü nüanslar olur.
Bir sənətçinin Vətən uğrunda nələrsə etməsi, özü də ölkədən kənarda etməsi qürurdur, şərəfdir...
İllər öncə "Yol ayrımında” İzmirdə çox böyuk oyanış idi. Çoxlarının canına vəlvələ düşmüşdü ki, bu balaca qız bizi kreslomuzdan edəcək (gülür). Halbuki məqsədim tamam başqa idi. Yeni gəlmişdim, burdakı hadisələrdən xəbərsizdim. Bakıdan yaxın bir dostumuzun tanışlığı və xahişi ilə yola çıxdım. Amma təcrübə oldu, yanlış insanlarla çıxmışdım... Buna baxmayaraq, biz "Yol ayrımında" tamaşasnı İzmir tamaşaçılarına nümayiş etdirdik.
Tamaşanın ssenari müəllifi gənc dostumuz Orxan Muxtarlıdır. Rejissoru mən, aktrisa olaraq da Vusalə xanımı seçmişdik. İnanın, seyrcilər salonu hıçqırtı ilə tərk edirdi.
Hər kəs Xocalı faciəsini araşdırmağa başlamışdı. Əllərimizdən, gözlərimizdən öpürdülər.
Bir dəfə Konakta saat kulesinin yanında bir qadın məni qucaqlayıb ağladı: “Biz nasıl kardeşiz bunları bilmiyorduk” deyə ağlayırdı.
İstəyim yaradıcılığıma nəsə yazılsın deyildi, məqsədim hər bir turk vətəndaşının Xocalının dərdini bilməsi idi. Hər şeyə rəğmən buna da nail oldum. Bəzən məni görənlər “o kız - katliamı anlatan kız” deyirlər.
Belə bir deyim var: "Keçmişinə güllə atsan, gələcək səni topa tutar”. Baş verənləri unutmamalı, unutdurmamalıyıq. H.Əliyev adına məslək liseyinin şagirdləri ilə ümumilli liderin vəfat il dönümünə anma gecəsini həsr etdik..
Bu yaxınlarda yenə İzmirdə ikinci Cənubi Azərbaycan festivalını gerçəkləşdirdik..Turqutluda Azərbaycan kültür dərnəyi ilə birlikdə möhtəşəm Azərbaycan gecəsini həyata keçirdik..
Və ilin sonunda İzmir Azərbaycan dərnəyinin,Manisa Kültür və Dayanışma dərnəyinin həmrəylik gününə həsr edilmiş gözəl tədbirlərində idik...
Vətən üçün, sənət üçün hələ bir çox layihələrimiz olacaq...
- Sizinlə 2024-ün sonunda, 2025-in başlanğıcında görüşürük. 2024 xatirələrinizdə necə qaldı?
- Bəzi üzücü hadisələr olmasaydı demək olar ki bu il bizim ilimiz idi...İlk dəfə məhz bu il 2024-cü ildə Azərbaycan bütöv Qarabağ torpaqlarında dəmir yumruğun gücünün nəyə qadir olduğunu bütün dünyaya sübut etdi..
Üzücü nüanslar da var.
Bir neçə gün öncə qəzaya uğrayan uçağımız...
Təəssüf ki, yenə də biz xəyanətə uğradıq... Allahdan ölənlərə rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirəm...
Bu müddət ərzində birlik göstərən bütün xalqımızla və Ali Bas Komandanımızın dik duruşuyla bir daha qürur duydum...
Haləpdə Türk rüzgarının əsməsi, Azərbaycanımızın dəstəyi
"Məndə sığar ikən cahan, mən bu cahana sığmazam" deyen Nəsiminin məzarını rahata qovuşdurdu.
- 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Siz də təkcə bir gün deyil, demək olar ki, hər gün milləti ilə həmrəy olan sənətçilərdənsiniz. Qatıldığınız tədbirlərdə Roza İbadova deyil, Azərbaycan olaraq sizi tanıyırlar. Elə bu üzdən də dünya azərbaycanlıları üçün önəmli olan bu gözəl gündə arzularınızı, istəklərinizi eşitmək xoş olar.
- Butun xalqımızı təbrik edirəm.
O gün olsun Aşıq Ələsgərin yurdu Qərbi Azərbaycanda, Zəngəzurda, Şəhriyarın diyarı Cənubi Azərbaycanda Həmrəylik günümüzü qeyd edək.
İzmirdən dünyanın hər bir yerində var olan azərbaycanlılara salam olsun....