Bir neçə nəfərə qarşı dələduzluqdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmünə əsasən 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilən 1968-ci il təvəllüdlü Azər Məmmədov yenidən məhkəmə qarşısına çıxarılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, İmişli rayonundan olan sahibkarın şikayəti əsasında onun barəsində yeni cinayət işi açılıb. Həbsdə olan Azər Məmmədova bu dəfə İmişli rayon Məhkəməsində hökm oxunub. Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ilə məhkumun cəzası 2 il artırılaraq 10 il 2 aya çatdırılıb.
Məlum olub ki, əvvəllər də dəfələrlə məhkum edilmiş Azər Məmmədov İmişliyə gedərək orada tikinti materialları satan şəxsdən Qarabağda tikinti işlərində istifadə etmək üçün mal və materiallar götürüb. O, İ.İsmayılzadə adlı iş adamını onunla daim əməkdaşlıq edəcəyini və gəlir qazanacağına inandıraraq xeyli miqdarda materialı götürərək aparıb. Lakin sonra A.Məmmədovdan xəbər çıxmayıb və pulu geri ödəməyib.
İmişli rayon Məhkəməsində keçirilən prosesdə A.Məmmədov İ.İsmayılzadəni tanımadığını desə də, onlar arasındakı telefon danışıqları sübut kimi təqdim edilib.
Azər Məmmədov İmişlidə bir dəfə olduğunu və həmin vaxt sabiq icra başçısı Vilyam Hacıyevlə görüşdüyünü deyib:
“Elan olunmuş ittiham üzrə özümü təqsirli bilmirəm. Əvvəllər törətdiyim dələduzluq cinayətlərinə görə bir neçə dəfə məhkumluğum olub. Məhkumluq həyatım bitəndən sonra müxtəlif şirkətlərdə işləmişəm. Sonra özüm MMC təsis edib şirkət rəhbəri oldum. Həmin şirkətdə işləyən vaxt müxtəlif şirkətlərə müqavilə əsasında tikinti materialları götürürdüm, sonra o materialların pulunu verməmişəm, buna görə də, barəmdə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmünə əsasən barəmdə 8 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilib. Lakin İ.İsmayılzadəni tanımıram. İmişlidə Biləsuvar-Bəhrəmtəpə yolunun təmir edilən vaxt - yəni 2017-2018-ci illərdə olmuşam. Bundan sonra isə isə İmişli rayonuna 2018-ci ildə bir dəfə gəlmişdim, həmin vaxt İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Viliam Hacıyevlə görüşmüşdüm. Sabiq başçı ilə görüşməyimə səbəb rayon ərazisində gedən abadlıq işlərinin işlədiyim şirkətə verilməsini xahiş etmək idi. Lakin işlədiyim şirkətə heç bir iş verilmədi. Bundan sonra Bakıya qayıtmışam və bir daha İmişli rayonuna gəlməmişəm. Ola bilsin ki, İmişli rayonu ərazisindən keçmişəm. Həmin vaxtlarda da zərərçəkmiş şəxsi görməmişəm, heç bir münasibətim olmayıb”.
Azər Məmmədov qarşı tərəfin iddialarının əsasız olduğunu bildirsə də məhkəmə onu yenidən Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi üzrə təqsirli bilib.
Onun cəzası 8 il 2 aydan 10 il 2 aya qaldırılıb.
Kərim Abbaszadə