• Bakı 18° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Tanınmış həkimdən PANDEMİYA XƏBƏRDARLIĞI

CƏMİYYƏT

30 Noyabr 2022 | 17:40

Tanınmış həkimdən PANDEMİYA XƏBƏRDARLIĞI

Xəbər verdiyimiz kimi, Çinin Yunnan əyalətində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək yeni virus növü tapdıqlarını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar, BtSY2 adlı virusun Covid-19-a səbəb olan SARS-CoV-2 ilə eyni ailədən olduğunu bildirərək, yeni bir pandemiya ehtimalı barədə xəbərdarlıq ediblər.

Yeni tədqiqata Sun Yatsen Universiteti, Yunnan Endemik Xəstəliklərə Nəzarət İnstitutu və Sidney Universitetinin tədqiqatçıları rəhbərlik ediblər.

Sözügedən araşdırma üçün tədqiqatçılar Çinin Yunnan əyalətindəki altı şəhərdən 15 növü təmsil edən 149 fərqli yarasadan rektal nümunələr topladıqlarını bildiblər. Tədqiqat çərçivəsində canlı hüceyrələrdə olan nuklein turşusu olan RNT hər yarasa üçün ayrıca sıralanıb.

Nottingem Universitetinin virusoloqu Prof. Dr. Conatan Ballın sözlərinə görə, təhlükə ondan ibarətdir ki, yarasalar eyni vaxtda bir neçə vurusu özündə daşıya və yoluxdura bilir: “Bu cür infeksiyalar, xüsusən də koronavirus kimi viruslarla əlaqəyə girərək, virusun yeni variantlarının yaranmasına səbəb olur”.

Alimlər həmçinin vurğulayıb ki, Çinin cənubunda yarasaların daşıdığı bu virus insanlara yoluxma potensialı olan beş təhlükəli virusdan biridir.

Tibb elmləri doktoru Adil Qeybullanın Bakıvaxtı.az-a dediyinə görə, öncəliklə nəzərə almaq lazımdır ki, pandemiya hələ bitməyib: “Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın sonu ilə bağlı bir raportu ortada yoxdur. Baxmayaraq ki, pandemiyanın özü sonuna yaxınlaşır, amma hələlik yoluxmalar davam edir. Təbii ki, karantin də davam edir. Nə qədər ki, pandemiya olacaq, o qədər də karantin var”.

A.Qeybulla deyib ki, bununla yanaşı, yeni növ virusların ortaya çıxması, yeni pandemiyanın yaranması ehtimalı həmişə qalır: “Çünki ÜST insan sağlamlığını təhdid edən 10 amildən biri kimi bizi qarşıda gözləyən dəhşətli qrip pandemiyasını göstərir. Qrip virusu mutasiyaya uğrayan virusdur, hər il yeni formada peyda olur. Onun nə vaxtsa “İspan qripi” şəklində təhlükəli formasının olması bir elmi proqnozdur”.

Müsahibimiz qeyd edib ki, Çində aparılan tədqiqatlarla bağlı hələlik birmənalı nəticə ortada deyil: “Bu, sadəcə olaraq nəzəri bir proqnozdur. Çünki bu viruslar özləri bir biri ilə təsirdə ola bilər. RNT daşıyıcı virusdan mutasiya prosesində istənilən variantlar yayıla bilər. Sadəcə olaraq, bir şeyi nəzərə almaq lazımdır ki, koronavirusun 4 növü məlumdur. Bu növlər 1960-cı illərdə soyuqdəymədən dünyasını dəyişən nəfəs yollarında tapılıb. Onlar, demək olar ki, hər il mövcuddur və soyuqdəymə xəstəliklərinin yaranmasını inkişaf etdirirlər. Təbii ki, bunların özlərində də mutasiya prosesi gedir və yeni növ virusların yaranmasına səbəb olur.

Biz pandemiyanın necə spantan baş verib dünyaya yayıldığını gördük. Hesab edirəm ki, hər bir dövlət səhiyyəsini bu cür surprizlərə hazır etməlidir. Digər tərəfdən, koronavirus pandemiyası göstərdi ki, ÜST moderatorluq funksiyasını uğurla istifadə edə bilmədi. ÜST-ün dünya ölkələri ilə assosativ əlaqələrinin kifayət qədər etibarlı qurulmasına ciddi ehtiyac var”.

Aytac Aslan


SON XƏBƏRLƏR