Cənubi Qafqaz və Mərkəzi Asiya son illərdə daha çox geosiyasi qarşıdurmalar, enerji marşrutları və təhlükəsizlik gündəliyi ilə diqqət mərkəzində idi. Lakin artıq region qlobal inkişaf və şəhər transformasiyası platformalarında da görünməyə başlayır.
WUF13-ün ilk dəfə bu coğrafiyada keçirilməsi regionun beynəlxalq gündəmdə yeni mövqeyə yüksəldiyini göstərir. Bu forum şəhərlərin gələcəyi, iqlim çağırışları, dayanıqlı inkişaf və urban idarəetmə mövzularında qlobal qərarların müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Belə bir tədbirin regionda təşkili həm siyasi mesaj, həm də strateji fürsət kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, World Urban Forum 13-ün regionda keçirilməsi siyasi baxımdan ciddi siqnaldır. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq yalnız təhlükəsizlik gündəliyi ilə deyil, inkişaf gündəliyi ilə də gündəmə gəldiyini göstərir.
Onun sözlərinə görə, region beynəlxalq müzakirələrdə passiv tərəf deyil, aktiv iştirakçı kimi çıxış etməyə başlayır. Bu forum dövlətlərin urban siyasətini və dayanıqlılıq strategiyalarını qlobal səviyyədə təqdim etməsinə imkan yaradır:
“Eyni zamanda region ölkələrinin beynəlxalq təşkilatlarla birbaşa əlaqə imkanları genişlənir. Bu isə siyasi çəkini və diplomatik imkanları artıran faktordur”.
Müsahibimiz bildirib ki, forum region ölkələrinə öz şəhərsalma modellərini nümayiş etdirmək üçün geniş platforma yaradır. Ağıllı şəhər texnologiyaları, yaşıl enerji və rəqəmsal idarəetmə sahəsində atılan addımlar beynəlxalq auditoriyaya təqdim olunur:
“Bu, qlobal investorların və inkişaf institutlarının diqqətini cəlb edə bilər. Region ölkələri urban transformasiya sahəsində tərəfdaşlıq şəbəkələrinə qoşula bilər. Bu proses uzunmüddətli maliyyə və texnoloji əməkdaşlığa yol aça bilər. Nəticədə region qlobal şəhər gündəliyində daha görünən mövqe qazanır”.

Züriyə Qarayeva: Forum region ölkələrinə öz şəhərsalma modellərini nümayiş etdirmək üçün geniş platforma yaradır
Region ölkələrinin bu fürsətdən necə faydalana biləcəyinə gəlinvə, politoloq bildirib ki, ilk növbədə, təcrübə mübadiləsi genişlənəcək. Oxşar sosial və infrastruktur problemləri yaşayan ölkələr bir-birinin uğurlu modellərindən yararlana bilər:
“İkincisi, dayanıqlı nəqliyyat və iqlim layihələri üçün beynəlxalq maliyyə resurslarına çıxış imkanları arta bilər.
Üçüncüsü, region daxilində şəhər əməkdaşlığı mexanizmləri formalaşa bilər. Bu əməkdaşlıq gələcəkdə iqtisadi inteqrasiyanı da gücləndirə bilər. Forum region ölkələrinə strateji planlaşdırmanı daha sistemli qurmaq imkanı verir. Bu da uzunmüddətli inkişaf üçün real zəmin yaradır”.
“Bakı şəhərinin ev sahibi kimi rolu regionda davamlı şəhərsalma və dayanıqlılıq sahəsində hansı yeni təşəbbüslərə yol aça bilər” sualna isə Züriyə Qarayevanın cavabı belə olub:
“Bakının ev sahibi olması Azərbaycanın şəhər diplomatiyası imkanlarını genişləndirir. Bakı son illərdə infrastruktur və rəqəmsallaşma sahəsində mühüm dəyişikliklər həyata keçirib. Forum bu təcrübənin beynəlxalq səviyyədə paylaşılması üçün mühüm platformadır. Xəzər regionunda ekoloji təhlükəsizlik və yaşıl enerji layihələri üçün yeni təşəbbüslər irəli sürülə bilər. Dayanıqlı nəqliyyat və ağıllı idarəetmə modelləri regional əməkdaşlıq çərçivəsinə salına bilər. Bu baxımdan Bakı regional urban transformasiyanın mərkəzinə çevrilə bilər”.
Zülfü Məmmədov
Bakı 




