Müğənni Xatirə İslamın 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndidə keçiriləcək tədbirdə iştirakdan imtina etdiyi iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, “Gununsesi.info”nun iddiasına görə, müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında tədbirdə iştirak etməyə razılaşsa da, sonradan qərarını dəyişib. Xatirə İslamın Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina etdiyi bildirilib.
“Modern.az”ın iddiasına görə isə, müğənni Xankəndidəki tədbirdə iştirak etmək üçün əvvəlcə 6 min manat qonorar tələb edib, daha sonra bu məbləğ 2500 manatla razılaşdırılıb. Tərəflər arasında ilkin razılaşma əldə olunub və müğənniyə beh də verilib. Bir müddət sonra Xatirə İslamın behi geri qaytardığı qeyd olunur.
Sözügedən iddialarla bağlı Xatirə İslam sosial media hesabında açıqlama yayıb. O bildirib ki, Yeni il günü Bakıda olacaq:
“Mən çox zaman haqqımda yayılan xəbərlərə münasibət bildirmirəm. Bu pis və ya yaxşı xəbər ola bilər. Xəbərin başlığıdan bilirəm ki, bu xəbər hansı niyyətlə yazılıb. Mən onları Allaha həvalə edirəm. Bu gün də qarşıma bəzi xəbərlər çıxdı. Demək istəyirəm ki, bunlar gerçək deyil. Mən yeni il günü Bakıda olacağam”.
Xatırladaq ki, Xatirə İslam daha əvvəl Xankəndili olduğunu vurğulayıb. O, Xankəndidə keçirilən tədbirlərə dəvət edilməməsindən dəfələrlə şikayət edib.
Qeyd edək ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində bayram tədbirləri keçiriləcək. Bayram proqramı çərçivəsində şəhərdə “Qış nağılı” adlı yarmarka təşkil olunacaq.
Eyni zamanda Xankəndidə geniş konsert proqramının da baş tutacağı bildirilir. Tədbirlər şəhərin mərkəzində yerləşən Zəfər meydanında keçiriləcək.
Bu, Xankəndidə təşkil olunan sayca ikinci Yeni il tədbiridir. Bayram proqramına hazırlıqların artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Məlumata görə, tədbirdə tanınmış sənətçilərin iştirakı nəzərdə tutulub.
Bakı 




