Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Binnət Əkbərovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında Şəmkir rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Binnət Əkbərov qonşusu və dostunun qızının evinə dəfələrlə qonaq qismində gedib. O, həmin şəxsin anadangəlmə “davranış pozğunluğu ilə müşayiət olunan yüngül dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkən 1998-ci il təvəllüdlü qızı M.M.-ni (ad, soyadı şərtidir) zorlamaq qərarına gəlib. Sonra Binnət qızın yaşadığı evdə tək olduğunu bilərək onlara gedib və pis niyyətini həyata keçirib. Bu hal 2 dəfə baş verib.
Hadisədən sonra Binnət Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə ifadəsində özünü təqsirli bilməyib, qeyd edib ki, M.M. ilə onun istəyi əsasında cinsi əlaqədə olub.