Böyük Tokio zonasında baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 40 nəfərə yaxınlaşıb.
Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.
Yeraltı təkanlar avqustun 23-nə keçən gecə qeydə alınıb. Sakinlər əsasən evlərində müxtəlif dərəcəli əzik və xəsarətlər alıblar, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Tokionun rayonlarından birində su borularının partlaması nəticəsində nəqliyyatın hərəkət etdiyi küçələri su basıb. Yaponiya paytaxtının mərkəzində 460-dan çox ev işıqsız qalıb, bir çox binada liftlərin fəaliyyəti avtomatik olaraq dayanıb.
Ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin ocağı Tokio ilə qonşuluqda yerləşən İbaraki prefekturasında, 68 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, Böyük Tokio zonasına Yaponiya paytaxtı ilə yanaşı, ümumi əhalisi təxminən 37 milyon nəfər olan üç ətraf prefektura daxildir.




