İqlim dəyişikliyinin və quraqlığın getdikcə daha çox hiss olunduğu Yaxın Şərq ölkələri arasında qeyri-adi mübarizə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Yaxın Şərq ölkələrində yağıntıların miqdarını artırmaq üçün bulud toxumları səpməsi gərginliyə səbəb olub.
Bəzi əyalətlərində içməli su çatışmazlığı yaşayan İran 2018-ci ildən bəri qonşularının yağışlarını oğurlamasından narahatdır.
İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan briqada generalı Qulam Rza Cəlali 2018-ci ildə quraqlıqla bağlı çıxışında “Həm İsrail, həm də başqa bir ölkə İranda yağışın qarşısını almağa çalışır” deyib. Həmin çıxışda adı çəkilməyən ölkə bu yaxınlarda bulud səpmə proqramını işə salan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) idi. Yaxın Şərq və Şimali Afrikanın 19 ölkəsindən 12-də son 30 ildə yağıntılar 20 faiz azalıb. Halbuki təkcə BƏƏ-də 1960-cı illərdə 100 min olan əhali bu gün 10 milyona çatıb. BƏƏ-də suya olan tələbat artıq əsasən duzlu suyun duzsuzlaşdırılması hesabına ödənilir. Bununla belə, hər bir təmizləyici qurğunun tikintisi təqribən 1 milyard dollara başa gəlir və işləmək üçün tələb olunan enerji bulud səpməkdən xeyli yüksəkdir. Bu şəraitdə BƏƏ yağış yağdırmaq üçün hər il yüz milyonlarla dollar xərcləyəcəyini bəyan etdi. Qonşularını günahlandıran İran da analoji proqram həyata keçirir. Həmçinin Mərakeş, Efiopiya və Səudiyyə Ərəbistan da bu işə pul xərcləyən digər ölkələr sırasındadır. Bulud toxumu havadakı su buxarının yağışa çevriləcək qədər ağırlaşması üçün buludlarda gümüş yodidin və ya duzun çökdürülməsi prosesinə verilən addır. Rusiyada da bu məqsədlə sementdən istifadə olunur. Çin Bulud toxumlarında dronlardan istifadə edərək ən iddialı proqrama sahib ölkədir. Bu sahədə minlərlə insan çalışır. ABŞ-da bu texnologiya 75 ildir inkişaf etdirilir. Ölkədə çöl tədqiqatlarına su elektrik stansiyaları başçılıq edir. Son müsbət hesabatlara baxmayaraq, proqramın effektivliyi hələ də müzakirə mövzusudur. İsrail 2021-ci ildə proqramının "səmərəsiz" olduğunu deyərək bitirdi.
Aytac Aslan
















