ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub.
Bakıvaxtı.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026–2027-ci tədris ilini əhatə edir və təxminən 600 min şagirdə şamil olunacaq.
Qadağanın əsas səbəbi uşaqların müstəqil düşünmə, problem həll etmə və müəllimlərlə canlı ünsiyyət bacarıqlarının qorunmasıdır. Şəhər rəhbərliyi hesab edir ki, süni intellektdən həddindən artıq istifadə uşaqların öyrənmə prosesinə mənfi təsir göstərə bilər.
Yeni qaydalara əsasən, 2-8-ci sinfə qədər şagirdlərin istifadə etdiyi generativ süni intellekt proqramları qadağan ediləcək. Süni intellektlə işləyən yoldaş və psixoloji dəstək çatbotlarından isə bütün siniflərdə istifadəyə icazə verilməyəcək.
Ali sinif şagirdləri üçün isə tam qadağa tətbiq olunmayacaq. 9–12-ci siniflərdə oxuyanlar süni intellektlə bağlı ildə iki dəfə xüsusi dərslərdə iştirak edəcək, bəzi məktəblərdə isə müəllim nəzarəti altında məhdud pilot proqramlara qoşulacaqlar.
Müəllimlərə isə süni intellektdən dərslərin planlaşdırılması və digər inzibati işlər üçün istifadə etməyə icazə veriləcək.
Nyu-York rəhbərliyi qarşıdakı bir il ərzində süni intellektin uşaqların təhsilinə təsirini araşdıracaq və gələcək illər üçün yeni qaydalar hazırlayacaq.
















