Yaxın Şərqdə uzun illərdir gərgin münasibətlər fonunda İsrail və Livan arasında birbaşa təmasların gündəmə gəlməsi diqqət çəkir. 34 ildən sonra planlaşdırılan bu danışıqların regionda geosiyasi dinamikanı və təhlükəsizlik balansını necə dəyişəcəyi müzakirə olunur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, İsrail - Livan danışıqları əsasən İrana bağlı Hizbullah təşkilatının tədricən ləğvi ilə bağlıdır ki, ilkin mərhələdə silahsızlaşdırma şərtdir. Şübhəsiz ki, iki dövlət arasında əsas problem "Hizbullah" məsələsi və İran təsiridir.
Müsahibimizin sözlərinə görə, münaqişənin əsas səbəbi təbii ki, İsrailin Hizbullah bəhanəsi ilə Livana hücumları, hərbi müdaxiləsidir. Lakin "Hizbullah" da silahı yerə qoymayacağını bəyan edir. Əgər Livan və İsrailin danışıqları müsbət nəticə verərsə belə çıxır ki, Hizbullaha qarşı birgə mübarizə aparacaqlar:
"Ancaq İsrailin Livana təcavüzünün olmaması əsas şərt ola bilər. Razılıq əldə olunarsa regionda İranın təcrid olunması sürətlənəcək. Suriyadan sonra Livanın da İranın əlindən çıxmadı regionda balansı İsrailin xeyrinə dəyişə bilər. Amma Türkiyənin təsirinin də azalması İsrailin işğal siyasətinə vüsət verə bilər".

Tural İrfan: Bu, ümumi müşkülün biryolluq həllini mümkünsüz edir
Politoloq bildirir ki, Yaxın Şərqdə təhlükəsizlik və sabitlik mümkünsüzdür. Çünki İsrailin birbaşa dövlət siyasətinin əsası işğal planı üzərində qurulub. "Böyük İsrail" uğrunda qonşu ölkələrin ərazilərini ilhaq etmək üçün çalışır:
"Əsas olan regionda İran təsirini tamamilə sıradan çıxarıb nəhayətdə Türkiyəni hədəfə götürməkdir. Odur ki, "Hizbullah" məsələsi həll edilsə belə İsrailin regionda Türkiyə maraqları ilə ziddi addımlara köklənməsi ümumi müşkülün biryolluq həllini mümkünsüz edir. Ancaq İsrailin növbəti təxribatlarına qədər, növbəti hücumlara hazırlıq ərəfəsində müəyyən müddət nisbi sabitliyin hökm sürməsi mümkündür".
Zeynəb Rzayeva
Bakı 




