“Sosial şəbəkələrdə yayılan xəbərdən məlumatlıyam və təəssüf edirik ki, adımız çəkilir”.
Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Yelo Bank”-ın mətbuat xidmətinin rəhbəri Gülşən Həsənzadə deyib.
Onun sözlərinə görə, “Yelo Bank”da Vüqar Xəlilov adlı şəxs 2024-cü ilin noyabr ayından bəri çalışmır.
G.Həsənzadə onu da nəzərə çatdırıb ki, statusda bəhsi keçən filial daxilində də belə hadisə baş verməyib.
“Yayılan məlumatlarla bağlı hazırda hərtərəfli araşdırma gedir, iddia olunan məsələ ilə bağlı Banka aid bir nüans olarsa, mütləq ictimaiyyətlə bölüşəcəyik”,- deyə Gülşən Həsənzadə vurğulayıb.
Yeri gəlmişkən, Aqil Layıc digər paylaşımında bank müdirinin Mirzəzadə Vüqar Rəhman oğlu olduğunu qeyd edib. Bildirib ki, onun barəsində Yasamal Polis İdarəsində cinayət işi açılıb.
Mina Mikayılova
***
14:05
“Yelo Bank”ın filialında müdir müştərini döyüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layıc "Facebook" hesabında paylaşım edib.
A.Layıc bildirib ki, filial müdiri Vüqar adlı şəxs xidmətin gecikməsinə etiraz edən müştərini döyüb. Vəkil qeyd edib ki, müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib, sonra döyərək çənəsini sındırıb:
"Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
Aqil Layıc Azərbaycan Respublikasının Mərkəzi Bankına da sual ünvanlayıb:
“Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.
Bakıvaxtı.az bununla bağlı "Yelo Bank"a sorğu göndərib.