• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yeni “parkovka”  qaydasına hazırıqmı? - RƏYLƏR

CƏMİYYƏT

07 Avqust 2023 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Yeni “parkovka” qaydasına hazırıqmı? - RƏYLƏR

Xəbər verdiyimiz kimi, bu gündən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumatda qeyd olunur ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almaq və qanunsuz ödənişlər etməmək tövsiyə edilir. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq.

Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər.Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.

Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də "Nəqliyyat Könüllüləri" prosesə cəlb olunacaqlar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "Azparking" mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək olar.

Nəqliyyat eksperti Rövşən Həsənov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qanun qüvvəyə minibsə, deməli, icra olunmalıdır: “Qanunu pozan sürücülərə cərimə tədbiq olunacaq. Parklanma yerləri tam istifadəyə verildikdən sonra bunu etmək yerinə düşərdi. Parklanma yerləri və aparatlar haqqında araşdırmalar edərək müşahidə etmişik ki, hələ buna hazır deyilik”.

Ekspert qeyd edib ki, parklanma cərimələri hər zaman qüvvədə olub: “Amma yaxşı olardı ki, sürücülərin tam rahat istifadə etməsi üçün parkomantlar tam istifadəyə verilsin. Ən əsası isə ordan yığılan pulların büdcəyə göndərilməsidir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, parklanma ödənişlərinin nağd və ya nağdsız olmasının vətəndaş üçün heç bir fərqi yoxdur: “Bu, sadəcə maliyyə şəffaflığını təmin etmək üçün qurumların özlərinə lazımdır. Mobil tədbiqdə vətəndaşlara dövlətin balansında olan parklanma yerlərinin cəmi bir neçə yüzü açıqlanıb. Halbuki yalnız Bakı şəhərində minlərlə parklanma yerləri var ki, onların ünvanları hələ də vətəndaşlar üçün açıqlanmayıb”.

Onun sözlərinə görə, əgər bu sahədə həqiqətən tam şəffaflığa nail olmaq istəyiriksə, Bakıda olan bütün parklanmaların ünvanı vətəndaşlar üçün açıq olmalıdır: “Nə qədər ki, dövlətin balansında olan bütün parklanma yerləri açıqlanmayıb, effektiv idarəetməyə nail ola bilməyəcəyik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026