• Bakı 15° C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

AQTİ “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququ qazanıb
CƏMİYYƏT
18 Oktyabr 2024 | 15:17

AQTİ “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququ qazanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququ əldə edib.

Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib.

“HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir.

AQTİ tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi dörd mərhələdə həyata keçirilir.

İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq [email protected] elektron poçt ünvanına göndərilir.

Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir.

Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti üç il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.

AQTİ-də Azərbaycanda halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə SMIIC tərəfindən müəyyən edilmiş müvafiq standartın tələblərinə uyğun olaraq keyfiyyət idarəetmə sistemi yaradılıb. Həmçinin standartın tələblərini qarşılamaq məqsədilə Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.

İnstitut tərəfindən “OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər” standartı üzrə halal sertifikatlaşma prosesi isə dörd kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, balıq məhsullarının emalı, süd və süd məhsulları, eyni zamanda emal edilmiş ət məhsullarını əhatə edir. Həmçinin innovativ həllərin tətbiqi ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılıb.

Beləliklə, AQTİ-nin həyata keçirdiyi halal sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı xidmət olaraq fəaliyyət göstərir.


SON XƏBƏRLƏR