COP29 Sədri Muxtar Babayev London İqlim Həftəsi çərçivəsində keçirilən İqlim və Təmiz Hava Koalisiyasının İdarə Heyətinin iclasında çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP29 Sədrliyinin "X" səhifəsində paylaşım edilib.
M.Babayev çıxışında ilk Qlobal Yekun Qiymətləndirmənin nəticələrinə toxunaraq, metan və digər qeyri-karbon qazlarının emissiyalarının azaldılmasının vacibliyini vurğulayıb.
O,COP29 zamanı təqdim edilən “Təbii mənşəli tullantılardan metan emissiyalarının azaldılması üzrə Bakı Bəyannaməsi”nin artıq 65 ölkə tərəfindən dəstəkləndiyini və bu ölkələrin qlobal metan tullantılarının 50 faizindən çoxuna cavabdeh olduqlarını diqqətə çatdırıb.
Onun sözlərinə görə, növbəti milli iqlim planları – NDC-lər iqlim fəaliyyətində prioritetlərin və siyasi öhdəliklərin müəyyənləşdirilməsi baxımından həlledici rol oynayacaq.
COP29 Sədri Bakıda razılaşdırılmış “Bakı Maliyyə Hədəfi”nə diqqət çəkərək, inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər olunmasının vacibliyini qeyd edib və bu istiqamətdə inkişaf etmiş ölkələri liderliyə çağırıb.
Qeyd edək ki, COP29 və COP30 sədrlikləri arasında “Bakıdan Belemə Yol Xəritəsi” hazırlanır. Bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik 1,3 trilyon dollar iqlim maliyyəsinin səfərbər olunması üçün konkret yollar təqdim edəcək.