Satirik şeirləri, komediya janrında yazdığı maraqlı pyesləri və “Kirpi” jurnalındakı fəaliyyəti ilə həmişə ehtiramla xatırlanan Rüfət Əhmədzadənin bu il 90 yaşı tamam olur. Cəmi 55 il, lakin mənalı ömür yaşayan Rüfət müəllim hər kəsə qocalıq arzulayırdı, çox təəssüf ki, istedadlı şair özü bu şirin neməti dada bilmədi...
Gecəyarı qapıları döyməyin...
Rüfət Əhmədzadə sayılıb-seçilən, imkanlı bir ailədə dünyaya göz açmışdı. Atası Zülfüqar kişi Astaranın Pensər kəndində doğulsa da təkcə öz kəndlərində deyil, bütün Azərbaycanda yaxşı ad-san qazanmışdı. Nüfuzlu “Hümmət” Partiyasının fəallarından sayılan Zülfüqar Əhmədzadə sovet hakimiyyətinin ilk illərindən başlayaraq mühüm postlarda irəli çəkilirdi. Lənkəran qəzasında əvvəlcə Torpaq şöbəsinin, sonra isə Maarif şöbəsinin müdiri vəzifəsində çalışır, bir müddət Lənkərandakı Pedaqoji Texnikuma rəhbərlik edir. Müxtəlif illərdə Laçın, Zaqatala, Ağdam, Astara rayonlarında icraiyyə komitələrinin sədri olur, 1932-ci ildə Mərkəzi İcraiyyə Komitəsində məsul vəzifəyə təyinat alır, cəmi bir il sonra isə Xalq Maarifi Komissarlığına göndərilir və iki il komissarlığın Ali Məktəblər idarəsinə başçılıq edir.
1933-cü il martın 25-də məhz belə bir nüfuzlu insanın ocağında doğulan Rüfət sevincli, qayğısız günlər yaşayırdı. Lakin bu xoşbəxtlik uzun sürmür, hər yanı bürümüş amansız repressiya dalğası onların ailəsindən də yan keçmir. Rüfətin 5 yaşı olanda bir gün gecəyarı qapıları döyülür və atası Zülfüqar Əhmədzadə həbs edilir. Ailəsindən, ev-eşiyindən ayrı salınan Zülfüqar Əhmədzadə Kemerova vilayətindəki həbsxanaya göndərilir, “xalq düşməni” kimi mənəvi-fiziki təzyiqlərə, dözülməz işgəncələrə məruz qalır. 1942-ci ilin yayında, cəmi 43 yaşında ailəsindən uzaqda, tikanlı məftillərlə əhatələnmiş həbsxanada həyatla vidalaşır.
Zülfüqar müəllim şərlənərək həbs edildikdən sonra bir gecənin içində milyonlarla “xalq düşməninin ailəsi”ndən birinə çevrilən Əhmədzadələrin əzablı günləri başlayır. Bir yandan gündəlik dolanışığın çətinlikləri, bir yandan da ətrafdakı insanların tənə dolu baxışları, atmacalı sözləri ailəni maddi-mənəvi cəhətdən sıxır. Məktəbli Rüfətin Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovla təsadüfi görüşü də vəziyyəti dəyişmir. 40-cı illərin əvvəlində Bakı məktəblilərinin keçirdiyi tədbirlərin birinə qatılan Bağırov səhnədə şeir deyən Rüfətin çıxışını bəyənir. Lakin bu istedadlı uşağın “gedər-gəlməzə” göndərdiyi Zülfüqar Əhmədzadənin doğma övladı olduğunu öyrənincə dodağındakı təbəssüm dərhal yox olur...
Qorxulu, məhrumiyyət dolu repressiya illərinin ardınca müharibənin ölüm qoxuyan havası hər yanı bürüyür. İkinci Dünya savaşının gətirdiyi çətinliklər üzündən Əhmədzadələr ailəsi üçün Bakıda yaşamaq dözülməz həddə çatır. Bu üzdən ailə Balakən rayonuna köçməyə məcbur olur. Ailəni dolandırmaq üçün 13 yaşlı Rüfət Balakəndə səyyar kinomexanik kimi işləyir. Ağır zamanda heç nədən çəkinməyərək “xalq düşməni”nin oğlunu işə götürən direktoru ömrü boyu minnətdarlıqla yad edir.
Ötən əsrin amansız 30-40-cı illərində yaşadıqları iztirablar bu ailənin yaddaşında həmişəlik iz buraxır. Rüfət Əhmədzadənin yadigarlarından biri- istedadlı jurnalist, şair və tərcüməçi Zülfüqar Rüfətoğlu şeirlərindən birində bu mənzərəni necə də kədərli və inandırıcı təsvir edir:
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar...
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
“Hər nə bilirsən, sən özün yaz, qələm”
Doğru deyirlər ki, dünya yaxşı insanlardan xali deyil. Məhz belə insanlar Rüfət Əhmədzadəni qısa ömrünün müxtəlif dövrlərində ona arxa-dayaq dururlar. 1952-ci ildən nəşrə başlayan “Kirpi” jurnalının ilk baş redaktoru Əvəz Sadıq gənc istedad Rüfət Əhmədzadənin həyatında mühüm rol oynayır. Balakəndən Bakıya qayıdan və Pionerlər Evində çalışan Rüfətin redaksiyaya göndərdiyi şeiri bəyənən Əvəz Sadıq onu “Kirpi” jurnalında işə qəbul edir. Rüfət Əhmədzadə ömrünün sonuna kimi bu populyar jurnalda çalışır, məşhurlaşır. Korrektor kimi işə başlayan istedadlı şair və jurnalist “Kirpi”nin baş redaktor müavini vəzifəsinə qədər yüksəlir.
Keçən əsrin 70-80-90-cı illərindəki ədəbi prosesi yaxından izləyənlər yaxşı xatırlayırlar yəqin, Rüfət Əhmədzadə ən çox oxunan, axtarılan imzalardan idi. Satirik şeirləri dillərdə gəzir, sözlərinə mahnılar bəstələnir, kitabları böyük tirajla çap edilirdi. Müəllifi olduğu komediyalar əsasında hazırlanan tamaşalara biletlər aylar öncədən satılıb qurtarırdı. Dövlət Musiqili Komediya Teatrının repertuarında uzun illər möhkəmlənən “Sizin ilə, gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş”, “Hələlik” hər dəfə anşlaqla oynanılırdı. Azərbaycan televiziyasında hazırlanan “Sonuncu məhəbbət”, “Gülüş sanatoriyası”, “Şirbalanın məhəbbəti” televiziya tamaşaları maraqla baxılırdı.
Ədəbi cameədə, oxucu və tamaşaçılar arasında yetərincə tanınmasına baxmayaraq Rüfət Əhmədzadə olduqca sadə bir həyat sürürdü. Bütün çətinliklərə rəğmən, səmimi, təvazökar insan kimi böyük hörmət qazanmağı, öz prinsiplərinə ömrünün sonuna kimi sadiq qalmağı bacardı. Sovet dövründə cəmiyyətdəki nöqsanları bədii dildə göstərmək, problemləri satira atəşinə tutmaq müəllifdən təkcə istedad yox, həm də prinsipiallıq, dürüstlük tələb edirdi. Rüfət Əhmədzadə bu keyfiyyətləri ilə də seçilməyi bacarırdı. Mərhum şairin oğlu, Əməkdar mədəniyyət işçisi, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə atasını məhz belə xatırlayır:
“Atam haqqında danışmaq mənim üçün çox çətindir. Bu dünyada 55 il yaşadı və bu gün mən atamdan 5 yaş böyüyəm... Çox mərd, haqsızlığa dözməyən, prinsipial, sözü bütöv insan idi. Övladlarını da bu ruhda tərbiyə etməyi bacardı. Bəzən öz-özümə fikirləşirəm, Rüfət Əhmədzadənin oğlanları başqa cür yaşa bilərdilərmi? Dərhal da cavab verirəm-yox! Bu insanın qısa həyatının yarıdan çoxu çətinliklər içində keçmişdi, “xalq düşməninin övladı” kimi mənəvi basqı ilə qarşılaşmışdı. Amma onun nədənsə gileyləndiyini, problemlərini dilə gətirdiyini eşitmədik. Vəfatından təxminən bir həftə əvvəl oturub nə barədəsə söhbət edirdik, dedi ki, oğlum, bu yaşıma qədər ömrümdə kimsədən rüşvət almamışam, bu yaşdan sonra istəsəm belə heç kim verməz...”
Uşaqlıq və gənclik yaşlarında çəkdiyi mənəvi iztirablar, zaman-zaman üzləşdiyi haqsızlıqlar Rüfət Əhmədzadənin səhhətində izsiz ötüşməmişdi yəqin ki. Doğmalarının, dostlarının sözlərinə görə, o, heç vaxt sağlıq durumundan şikayət etməyi xoşlamazdı. Bəlkə elə ona görə də Rüfət Əhmədzadənin 55 yaşında qəfil ölümü hamı üçün gözlənilməz oldu. Oğlu Zülfüqarın yazdıqlarından:
“... Doğrudan da həmişə tələsən və bir az da hövsələsiz şair ömrünün son addımını da 1988-ci ilin 15 dekabr axşamı, adətincə tələsik atdı. İşdən evə dönəndə 17.15. idi. 17.30-da o, artıq yoxdu. Kişi kimi, açıq, vuruşan şeirlər yaratdı, ömründə bircə dəfə də mədhiyyə deməyi şəninə sığışdırmadı. Nə bir mükafat, nə bir fəxri ad, nə fəxri məzarıstan... Mükafatı-ölüncə sevdiyi və ölüncə güldürdüyü, düşündürdüyü xalqın alqışı, sevgisi oldu...
Şairlərin iç dünyasını yazdıqları şeirlərdən daha dəqiq və aydın əks etdirən elə bir rentgen qurğusu hələlik yoxdur və yəqin ki, heç bir zaman olmayacaq da. Sevimli satirik şairimiz Rüfət Əhmədzadənin də, şeirləri bu mənada istisna təşkil etmir...
...Susmağın “hörmət, ədəb” sayıldığı, düz sözə yasaq qoyulduğu vaxtlarda o yazırdı:
Mən söyürəm nəslini rüşvətxorun,
Göstərirəm əslini rüşvətxorun.
Lap kəsirəm nəslini rüşvətxorun,
Onda deyirlər: “Belə olmaz” qələm!
Hər nə bilirsən, sən özün yaz, qələm!
Mən belə işdən keçirəm vaz, qələm!
... Adamların gülüşünə sevinirdi. Amma ömrünün son günlərində onda qəribə bir kövrəklik əmələ gəlmişdi. 1988-ci ilin dekabrında “Azadlıq” meydanındakı mitinqi görəndə əməlli-başlı ağlamışdı. “Meydan epopeyası” faciəli başa çatandan sonra isə gözlərini əbədi yumdu. Göz yaşlarını onunla birgə dəfn elədik. Bizə sonsuz, əbədi gülüşləri qaldı...”
Qalanı xatirədir...
Xalq artisti, “Şöhrət” ordenli aktyor və rejissor İlham Namiq Kamal mərhum dostunu böyük ehtiramla yad edir:
“Unudulmaz dostum Rüfət Əhmədzadə ilə ilk dəfə yazıçı Nahid Hacızadənin Az.TV-nin “Ədəbi-dram verilişləri” Baş redaksiyasındakı kabinetində görüşmüşəm. Nahid müəllim olduqca saf, xeyirxah bir insan olduğundan ətrafına da daim özü kimi insanlar toplaşırdı. Elə ilk söhbətdən anladım ki, Rüfət də çox istedadlı, təvazökar və mehriban insandır. Onunla tanışlığımız sonradan dostluğa çevrildi və bu münasibət ömrünün sonuna kimi davam elədi. Rüfət müəllimlə yaradıcılıq əlaqələrimiz də məhsuldar və uğurlu alındı. Onunla hər biri 30 dəqiqəlik 10-dan çox “Bir aktyorun teatrı” silsiləsi hazırladıq və böyük maraqla qarşılandı. Çox təəssüf ki, onlardan yalnız biri qorunub saxlanıldı. Əksər vaxtlarda Rüfət müəllimin mənzilində görüşüb mövzuları müzakirə edirdik, mən deyirdim ki, rüşvətxor və ya yerlipərəst obrazı üçün mətn lazımdır, Rüfət də dərhal yazırdı, necə deyərlər, bir-birimizi kəlmədən başa düşürdük. Rüfət Əhmədzadə maraqlı yol yoldaşı idi, onunla tez-tez rayonlara səfərə çıxır, “Məhsul bayramı” kimi qeyd olunan tədbirlərə qatılırdıq. Yadımdadır belə tədbirlərin birində Ümummilli Lider Heydər Əliyev də iştirak edirdi və Rüfət Əhmədzadənin çıxışını alqışladı.
Rüfət Əhmədzadə saf, ləyaqətli bir insan idi, belə adamlar bütün dövrlərdə çətinliklə üzləşir, müəyyən labirintə salınırlar. Onun belə gənc yaşında, qəfil vəfatı hamımız üçün üzücü oldu. Şəxsən mənim bir yaradıcı insan, aktyor kimi həyatımda Rüfətin yeri indi də görünür. Onun övladları Zülfüqarla və Rəşadla bu gün də dostluq edirəm”.
Tanınmış yazıçı-dramaturq, tərcüməçi Kamran Nəzirli mərhum şair haqqında düşüncələrini bölüşür:
“Nadir yumor ustası, qeyri-adi istedad sahibi Rüfət Əhmədzadə ilə yaxından tanışlığım 1975-ci ildən başlayıb. Şairin böyük oğlu Zülfüqarla ali məktəbdə bir qrupda oxuyurduq. Tez-tez Zülfüqar məni evlərinə dəvət edirdi, rəhmətlik anası Mirvari xala qabağıma çay-çörək qoyardı. Mətbuatdan və televiziyadan yaxşı tanınan Rüfət müəllim hər görüşəndə nəvaziş göstərər, dərslərimlə maraqlanardı. Bir hadisə indiyə kimi yadımdadır, 1985-ci ildə o vaxtkı “Kommunist” nəşriyyatının 4-cü mərtəbəsində qəfil rastlaşdıq. O zaman Rüfət Əhmədzadə “Kirpi” jurnalının baş redaktorunun birinci müavini idi. Məni görən kimi gülümsədi və dedi:
- Kamran, sənin yaxşı yumorun da var imiş ki!
Əvvəlcə karıxdım, “mən hara, yumor hara?” düşünürdüm ki, çox qoymadı karıxmağa:
- Bu nömrə yazını vermişik-əlvə elədi- Sənə qonorar da yazmışam. Belə yazıların olanda gətir verək.
Həmin gün göylərdə uçurdum. “Bahadır” adlı hekayəm “Kirpi”də çap olunmuşdu, yazını iki ay öncə vermişdim, düzü, tamam unutmuşdum. Fikirləşirdim ki, yəqin bəyənməyiblər. Amma Rüfət əminin bu müjdəsi mənə əməlli-başlı qol-qanad verdi, hələ üstəlik belə bir böyük ustadın xoş sözlər deməsi də yumor hissimi ölməyə qoymadı...”
90 illik yubileyi qeyd olunan, satirik şeirləri, incə yumorla dolu komediyaları bu gün də ədəbi ömrünü yaşayan Rüfət Əhmədzadəni ehtiramla anırıq. Allah rəhmət eləsin!
Etibar Cəbrayıloğlu
Bakıvaxtı.az